Red Bull komandasının pilotu Daniel Rikkardo 2017 Formula 1 Azərbaycan Qran Prisində qələbə qazandıqdan sonra ilk dəfə Bakıda səfərdə olacaq. Red Bull komandasının pilotu Daniel Rikkardo 2017 Formula 1 Azərbaycan Qran Prisində qələbə qazandıqdan sonra ilk dəfə Bakıda səfərdə olacaq.

Azərbaycan Qran Prisinin qalibi Bakıya gəlir

Red Bull komandasının pilotu Daniel Rikkardo 2017 Formula 1 Azərbaycan Qran Prisində qələbə qazandıqdan sonra ilk dəfə Bakıda səfərdə olacaq.

AzNews.az BŞH-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 29-30 noyabr tarixlərində baş tutacaq ikigünlük səfər çərçivəsində avstraliyalı Formula 1 pilotu paytaxtda bir sıra görüşlər keçirəcək və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaq.

Formula 1 azarkeşlərinin sevimlisi D.Rikkardo paytaxtda olarkən Bakı Şəhər Halqasında (BŞH) keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq. Həmçinin D.Rikkardo səfər təəssüratlarına dair yerli və xarici media nümayəndələri üçün keçiriləcək mətbuat konfransında da iştirak edəcək.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai D.Rikkardonun Bakıya olacaq səfərini ölkəmizi daha geniş ictimaiyyətə tanıtmaq baxımından yüksək qiymətləndirdi: “Biz böyük məmnuniyyətlə avtoidman həvəskarlarının diqqətinə çatdırırıq ki, 2017 Formula 1 Azərbaycan Qran Prisində möhtəşəm qələbə qazanmış Daniel Rikkardo yenidən gözəl paytaxtımızda olacaq. Onun Bakıya səfəri ölkəmizin qonaqpərvərliyini və zəngin tarixi mədəniyyətini bütün dünyaya tanıtmaq baxımından əvəzolunmaz fürsətdir.

Bakıda bu il baş tutan Qran Pri yarışı bütün avtoidman ictimaiyyəti tərəfindən 2017-ci il Formula 1 Dünya Çempionatının sürpriz və həyəcanla dolu ən baxımlı yarışı kimi qəbul olundu. D.Rikkardonun Bakıya səfəri 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Azərbaycan Qran Prisinə böyük diqqət və maraq oyadacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün kollektivi gözəl paytaxtımızı bir daha bütün dünyaya ən gözəl şəkildə təqdim etmək üçün səbrsizlənir. Yarışa biletlər artıq satışdadır və fürsətdən istifadə edərək bütün sürət həvəskarlarını Bakıda keçiriləcək növbəti möhtəşəm yarışa – 2018 Formula 1 Azərbaycan Qran Prisinə bilet almağa dəvət edirəm”.