Yığmamız reytinq siyahısında mövqeyini qoruyacaq

FİFA sabah milli komandaların növbəti reytinq cədvəlini açıqlayacaq. Apasport.az saytının məlumatına görə, artıq indidən yığmaların qərarlaşacağı yerlər müəyyənləşib.

Son 1 ayda millilərin iştirakı ilə çox az oyun keçirildiyindən, bu matçların da Avropa təmsilçisi olmayanlar arasında baş tutduğundan cədvəldə dəyişikliklər cüzidir.

Komandamızın yeni reytinqdə indiki kimi 276 xalı olacaq. Apreldə olduğu kimi yığmamız elə 120-ci pillədə möhkəmlənəcək. Əksər millilər kimi, yığmamız da yetirmələri son 1 ayda oynamamaqla mövqeyində qalıb.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya (1163) 5-ci, Rusiya (1052) 11-ci, Şimali İrlandiya (285) 119-cu pillədə qalıb. Digər rəqiblərimiz İsrail (536) və Lüksemburq (182) hərəyə 1 pillə geriləyib. Onlar müvafiq olaraq 59-cu və 148-ci pillələrdədir.

Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik yoxdur. İspaniya (1538), Almaniya (1428) və Argentina (1296) yenə ön sıralarda olacaq.

AzNews.az