“Ağ-yaşıllar”ın baş məşqçisindən azarkeşlərə Müraciət

"Xəzər Lənkəran" futbol komandası mayın 20-də Topaz Premyer Liqasında son oyununu keçirəcək. Lent.az-ın məlumatına görə, Lənkəran şəhər mərkəzi stadionunda "Rəvan"la qarşılaşacaq "ağ-yaşıllar"ın baş məşqçisi Con Toşak klubun rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət edib.

Müraciətdə uelsli mütəxəssis daim komandaya dəstək olan azarkeşlərə minnətdarlıq edib: "Bir neçə gün sonra bu mövsümün son ev oyununu keçirəcəyik. Ona görə də bəzi məqamlar var ki, bunları bölüşməyin vaxtıdır. Mən, ilk növbədə, azarkeşlərə minnətdaram. Onlar komandamızın cari mövsümdə uğursuz qrafik cızmasına rəğmən, daim bizə dəstək oldular. Ən vacib məqamda, ölkə kubokunun yarımfinalında komandamıza çox gərəkli olan möhtəşəm dəstəyi verdilər".

Bununla yanaşı, Toşak komandaya tez uyğunlaşmasında Lənkəranın insanları, klubun ev arenasının bütün kollektivi və klub rəhbərliyinin köməyini qeyd edib: "Sözsüz ki, bu məsələdə onların isti münasibəti həll edici oldu. Buna görə də hər kəsə minnətdaram".

Baş məşqçi qarşıdakı mövsüm üçün indidən müəyyən planlar qurduqlarını vurğulayaraq, "Əminliklə deyirəm ki, planlarımızı, niyyətlərimizi həyata keçirə bilsək azarkeşlərin çox fəxr edəcəyi bir komanda quracağıq. Mən, bu müraciəti etməklə sadəcə son ev oyunu öncəsi sadiq azarkeşlərimizə bir daha "çox sag ol" deməyi vacib saydım. Sizi həmişə yanımızda görmək bizə çox vacib və xoşdur!" deyib.

Qeyd edək ki, "Xəzər Lənkəran" mövsümə mayın 28-də "Neftçi"yə qarşı keçirəcəyi Azərbaycan Kubokunun final matçı ilə yekun vuracaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

AzNews.az