“Qəbələ“dən daha iki transfer xəbəri

Öncəki günlərdə sıralarını Vladimir Levin və Nizami Hacıyevlə gücləndirən "Qəbələ" daha iki futbolçunu rənglərinə bağlayıb. Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan yarımmüdafiəçi İbrahima Niasse və qapıçı David Petrzkeviç gələcək karyeralarını "Qəbələ"də davam etdirəcəklər. Məlumatı klubun rəsmi saytı yayıb.

Futbolçularla tanış olun.

18 aprel 1988-ci ildə Seneqalda dünyaya gələn İbrahima Baye Niasse peşəkar futbolçu karyerasına 2006-cı ildə Fransada – "Nansi" klubunda başlayıb. 2008-ci ilədək sözügedən komandada top qovan Niasse sonrakı 3 mövsümü (2008-2009, 2009-2010, 2010-2011) İsveçrənin "NE Xamax" klubunda keçirib. 2011-2012-ci futbol ilində isə seneqallı futbolçunun Bakı "İnter"inə keçidi reallaşıb və yarıımüdafiəçi son mövsümədək adıçəkilən klubun şərəfini qoruyub. Niasse ilə birillik müqavilə imzalanıb.

9 fevral 1988-ci ildə Polşada anadan olan David Petrzkeviç karyerasına 2006-cı ildə vətənində - "Stal Sanok" klubunda başlayıb. Qapıçı karyerası boyunca "Poloniya" (Varşava, Polşa), "Banik Ostrava" (Çexiya), "Pimorye" (Sloveniya) kimi klublarda çərçivəni qoruyub. Petrzkeviç son mövsümdə Zaqatala "Simurq"unun şərəfini qoruyub. Qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.


Elvin CanTuran
AzNews.az