“Neftçi”lər “Volqa“nın sularına qərq oldu

"Neftçi" PFK Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi Rusiyanın "Volqa" klubu ilə qarşılaşıb.

Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra "Neftçi"nin baş məşqçi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlama verib: "Təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunumuz idi. Hər iki hissədə fərqli oyunçulara şans verdik. Fasilədən sonra 9 futbolçunu əvəzlədik ki, bu da nəticəyə təsirini göstərdi. Bununla belə, yoxlama oyunlarında nəticə önəm kəsb etmir. Məqsəd futbolçuların hamısına şans verib, onların hazırlıq səviyyəsini yoxlamaq idi. Bütün futbolçular səylə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Bahodir Nasimovun əsas heyətdə yerini qaytarmaq istəməsi məni sevindirir. Əminəm ki, yeni gələn hücumçular da Nikolas Kanlesin yoxluğunu unutduracaq. İnanıram ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunumuzadək tam hazır olacağıq".

Xatırladaq ki, "Neftçi" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın "Şkenderbeu" klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 17-də, cavab görüşü ayın 23-də baş tutacaq.

Elvin CanTuran
AzNews.az