Bizim Xəzər Dəniz(l)i

Xəzər - bir az dalğalı, sakit, təmiz, xeyirli, dəyərli, gəlirli, bir az da qalmaqallı dənizimiz...

Bəli, dünyanın ən sakit, ən təmiz və ən dəyərli dənizlərindən biridir Xəzər. Həm də Xəzər çox da qorxulu və ölümcül dalğası olmayan dənizdir. Üstəlik, gəlirinə görə də bu baxımdan liderliyini qorumaqdadır. Altında sərvətlər yatan bu dənizin bizim üçün əhəmiyyəti və dəyəri çox böyükdür.

Azərbaycanın günü-gündən çiçəklənməsində, yeni-yeni layihələrin həyata keçməsində, dünya dövlətlərinə meydan oxumasında həmin sərvətlərin, dolayısıyla Xəzərin rolu danılmazdır. Elə bu sərvətlərin ucbatindan dənizimizi gözü götürməyən qonşularımız da az "dalğalanmır".

Xülasə... Yox, mən Xəzər dənizi haqqında tanıtım yazmaq fikrində deyiləm. Onsuz da özünü dərk edən insanlar Xəzəri tanıyıb, dəyərini bilir. Bu dəfə tanımadığımız və qısa müddətdə yaxşı bələdçisi olduğumuz Lənkəran Xəzərindən söz açmaq istəyirəm - "Xəzər-Lənkəran"dan... İki böyük adın birləşməsi olan bu futbol komandasının yarandığı dövrlərdə böyük işlər görəcəyinə inanırdıq.

Düzdü, ilk əvvəllər komandanın durumunu və maliyyə dəstəyinin hardan gəldiyini görəndə ümidlərimiz puç olmayacaq deyə çox həvəsləndik. Çünki ən azından bu kluba yaradılan şərait, tikilən gözəl stadion, gətirilən tanınmış və sözünü demiş legionerlər, böyük azarkeş dəstəyi və Mübariz Mənsimovun varlığını hiss etmək bu fikirlərin beynimizdə cücərməsinə rəvac verirdi. Bəli, məhz "Xəzər-Lənkəran" gətirdiyi tanınmış futbolçular və məşqçilərlə də ilkə imza atdı.

İnsafən, ilk dövrlərdə sərgilədiyi oyunlar və qazandığı uğurlarla bu üstün göstəricilərin hədər getməyəcəyini isbatlamağa çalışırdı. Ölkə çempionluğunun və kubokunun, "Birlik Kuboku"nun qazanılması buna əyani sübutdur. Daha sonra... Sən saydığını say... Komanda daxilində tumurcuqlanan özbaşınalıq və ədalətsiz qərarlar daha sonra cücərib "bəhrəsini" verməyə başladı.

Nəticədə komandadan qovulan oyunçular-məşqçilər, qovulub yenidən geri qaytarılan və düşərgəni naməlum səbəbdən tərk edən futbolçular, "day-day" hesabina oyuna çıxmalar və daha nə bilim nələr... Əyani sübut kimi Ağasəlim Mircavadovun, Yunis Hüseynovun, Kamaran Ağayevin aqibətini göstərmək olar. Məhz Kamran Ağayevin müəmmalı gedişi də bu günə kimi nə azarkeşlərə, nə də idman ictimaiyyətinə məlum deyil.

Amma ədalət naminə qeyd edim ki, Ağayev Azərbaycan futbolu səviyyəsində sözünü demiş, yaxşı mənada fərqlənən və hər zaman qapı etibar ediləcək idmançılardandır. Həmdə komandada olan idmançıları səviyyəsinə və sərgilədikləri oyuna görə qınamaq olmaz. Hər şey göz önündədir. Bəs kimdir günahkar? Bütün bu olanların tamamında ortaya bu mənzərə çıxır. Yaşanan özbaşınalıq, idaretmənin düzgün qurulmaması, qazanılmayan qələbələr, azarkeşlərin və Mübariz Mənsimovun tarıma çəkilmiş əsəbləri.

Halbuki Mübariz bəy bu komanda haqqında danışanda vurğulamışdı: "Mən xaricdə qazandığım pulları ölkəmdə bu komandaya həm də ona görə xərcləyirəm ki ölkəmizi dünya arenasında layiqincə təmsil edən bir klub formalaşdıraq".

Gerçək isə tam əksinədir. Mənsimovun pulları xərclənir, amma arzuladığı komandanı hələ də xəyal etməklə kifayətlənir. Daha doğrusu, "Palmali"nin rəhbəri əlindən gələni edib. Əlini ağdan qaraya vurmayanlar isə bu uğursuzluqlarda gah futbolçuları, gah hakimləri, gah da AFFA-nı suçlayırlar. Bu da təbiidir. Bütün bu özbaşınalıqları kiminləsə "sığortalamaq" lazımdır ki, Mənsimovun gözündən düşməsinlər.

AFFA futbol qurumu olaraq hər bir klubun inkişafında maraqlıdır. Çünki qazanılan hər uğur ölkəmizin və Futbol Federasiyasının fəxridir. Özlərini sudan çıxmış "ağ qaşıq" hesab edənlər ədalətsiz qərarlarıyla özlərini "təsdiq" ediblər artıq. AFFA rəhbərliyi bu idmanın inkişafında maraqlı olduğundan bütün klublara eyni gözlə baxır. Bunu görməyənləri, yaxud görüb qiymətləndirməyənləri vicdanıyla baş-başa buraxaq. Bütün bunların fonunda komandanın niyə uduzduğunun səbəbi məlum olur.

Bəli, "Xəzər-Lənkəran" klubu məhz matç başlayana qədər uduzur artıq. İdarəetmənin zəif olması hər oyun öncəsi yaranan söz-söhbətlər idmançıların oyununa təsirsiz ötüşə bilməz. Necə ki, bu amil hər oyunda özünü göstərir. "Balıq başından iylənər" deyirlər. Yeri gəlmişkən, mən hələ Xəzər dənizinin faydalı və heç də iylənməyən balığından söz açmadım.

Düzü, əvvəldə Xəzər dənizinin faydası və uğurlarından elə-belə söz açmadım. Bu dənizə adaş olan klubun "Böyük qadaşının" uğurlarını təkrarlamaması bizi üzür. Həm də ona görə müqayisə etdim ki, məhz "Xəzr-Lənkəran" da yetərincə dəstəyə və imkana malikdir. Bu baxımdan uğur qazanmağa borcludur. Necə ki, buna Xəzərdə nail olmuşuq. Dəniz(l)imiz...

Bu yaxınlarda komandaya gətirilən yeni baş məşqçinin ayağının düşərli olacağına ümidimiz böyükdür. Axı Mustafa abiniz də Dənizlidir. Deməli, kadro tamamlandı. "Xəzər-Lənkəran" Dənizliylə birlikdə bizə Xəzər Dənizinin yaşatdığı qürur hissini yaşada biləcək. Yaşatmalıdı. Əks halda bu dəfə də alınmasa, inanmıram kimsə sizi Mənsimovun əlindən qurtara bilə. Həm artıq bəhanələr də tükənib.

Tükənməyən bir səbrimizdir. Ki, onu tükətməyi bacarmısız. Bir gün səbri tükənən azarkeşlər də sizdən üz döndərsə günahkar bildiklərinizin siyahısına onları da əlavə edəcəksiz. Heç olmasa bu dəfə ümidlərimizi puç etməyin. Biz Xəzər dəniziylə fəxr edirik. Ümid edək ki, bu sözləri "Xəzər-Lənkəran" haqqında da deyəcəyik.

AzNews.az