Hafiz Məmmədov: “Onlar Bakıya göndərilmiş killerlər idilər”

"Bakı" klubunun prezidenti Hafiz Məmmədov Topaz Premyer Liqasının XVII turunda "Qarabağ" üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə oyun barədə fikirlərini bildirib...

- Qələbə qazanacağımıza inanırdım. Amma təəssüf ki, oyuna sonadək baxa bilmədim. İlk yarıya ofisimizdə baxdım, sonra yolda oldum. Heç qolu görə bilmədim. 52-ci dəqiqədə maşına mindim və stadiona gəldim. Qollar yolda olduğum vaxt vurulub. Bazamıza çatdığımız vaxt oyun başa çatmışdı.

Baş məşqçimiz Milinko Pantiçə də, komandamıza da inamım böyükdür. Hətta "Qarabağ" üzərində qələbə qazanmasaydıq belə, heç tələsməzdim. Düzdür, liderdən çox uzağıq. Amma bu, Pantiçin komandası deyil axı... "Bakı" onun formalaşdırdığı komandaya çevrildikdən sonra baş məşqçimizin işinə tam real qiymət vermək mümkün olacaq.

- Ümumiyyətlə, komandanızın durumundan, çıxışlarından razısınız?


- Razıyam. 3 yerli futbolçu – Rauf Əliyev, Əfran İsmayılov və Kamran Ağayevi komandaya götürdüyüm vaxt bunu birmənalı qarşılamamışdılar. Onları və Cavid Hüseynovu Fransa "Lans"ı öz sıralarında görmək istəyirdi. Lakin mən buraxmamışdım. İndi onlar çıxışı ilə komandadan razı olub-olmadığımın cavabını verirlər. Amma Deyvidas Çesnauskisdən razı deyiləm.

Düzdür, yaxşı uşaqdır, amma oyunu məni qane etmir. Bilirsiniz, mənim bir rahatlığım, arxayınlığım var. Baş məşqçimizin "Bakı"ya kömək edəcəyinə inanıram. Çünki biliyi çox yüksək səviyyədədir. İspaniya "Atletiko"su ilə danışığımız var. Pantiç də ona görə gəlib. Demişəm ki, həm oyun sistemində, həm də idarəçilikdə ispan modelini qursun. Hələ menecerimiz yoxdur. Amma mütləq lazımdır. Gətiririk ki, vitse-prezidentimiz Yaşar Seyidova kömək etsin. Görəcəksiniz, çox yaxşı komanda olacağıq.

- "Lans" və ya İspaniya "Atletiko"sundan "Bakı"ya futbolçuların da gəlişi gözlənilir?


- Fransada "Lans"la görüşdüyüm vaxt futbolçulardan 3-4-ü "Bakı"ya gəlmək istədiklərini dedilər. İspaniyaya qış təlim-məşq toplantısına yollandığımız vaxt onlar bizə qoşulacaqlar.

Ümumiyyətlə, nə vaxt burada İspaniya La Liqasından və ya Fransa Liqasından 3-4 futbolçu olub? Maksimum 1 nəfər gəlib. "Canal+"in əməkdaşları keçmiş futbolçumuz Stefan Borbikonini Parisdə tapmışdılar. O da demişdi ki, klub prezidenti "Bakı"nın bazasına gələndə, klubun rəsmiləri geyimlərini də dəyişirdilər. Mən də deyirəm, Yaşar Seyidov niyə həmişə "Bakı"nın qalstukunda gəzir? (gülür)

- Bəs ulduz futbolçu transferi gözlənilir?


- Ulduz futbolçu bura necə gəlsin? Kiminlə oynasın, necə oynasın? Bazarımız o səviyyəyə qalxmalıdır. Biri deyir ki, Ceyhun Sultanova 33 min verib, mən isə 200 min manat verirəm. Birincisi, qiyməti o qədər olmayana bu məbləği vermək düz deyil. İkincisi, lap düz olsa da, marketini o səviyyəyə qaldırmalısan. Fransa ilə Azərbaycanın transfer bazarındakı fərq nədədir?

Argentinadan ora gəlib 300 minə oynayarlar, bura 1 milyona gəlməzlər. Gəlsələr də, korlanarlar. "Lans"ın futbolçularının qiymətinə baxmışam. Gülməlidir: 200 min, 300 min. "Bakı"da onlardan çox alırlar. Digər tərəfdən, futbolçuların ailələrini də nəzərə almaq lazımdır. Məsələn, Radamel Falkao "Monako"ya ailəsinə görə keçdi.

Həyat yoldaşı knyazlıqda yaşamaq istədiyini bildirdi, Falkao da orada oynamağa razılaşdı. Belə elementlər futbolçuya da motivasiya verir. Ailədə hər şey yaxşı olduqda, futbolçunun da zehni itiləşir. Jan-Pyer Papen bizə demişdi ki, Fransanın II Liqasında futbol oynamaq yox, yalnız vuruşmaq lazımdır. "Lans" I Liqaya yüksəlsə, komanda tamamilə dəyişməlidir. Çünki hazırkı heyət vuruşur, futbol oynamır.

- Azərbaycan futbolunda alman modeli daha çox yayılıb. Siz isə deyəsən, "Bakı"da ispan modelini tətbiq etmək fikrindəsiniz...


- Alman modeli də yoxdur, ispan modeli də. Metodika olaraq, alman metodikası var. Amma oyunçunun özü almana çevrilməlidir. Bu isə futbolçumuz oralarda yaşamayacağı, oynamayacağı təqdirdə, mümkün deyil. Bu yaxınlarda 14 yaşadək futbolçulardan ibarət komandamızın məşqçilərinə dedim ki, nə var Bakıda?

Hamınız yetirmələrinizi göndərin, Fransaya, İspaniyaya oxumağa getsinlər, oxuyub gəlsinlər, burada çalışsınlar. Uşaqları burdan çıxarmaq lazımdır, onlar Avropa futboluna transformasiya olunmalıdırlar. Ən güclü idarə heyəti "Bakı"da olacaq. Rəhbərlikdə həm "Atletiko", həm də "Lans"dan yer alanlar olacaq.

Papenin özü 3-4 təklif verib. Bunlar təkcə klubumuzla bağlı yox, AFFA-ya aid təkliflərdir. Deyib ki, çalışın, uşaq futbolçularınız böyüklərdən ibarət komandanızın oyun günü çıxış etsinlər. Bütün yaş qrupları üzrə çempionatlarda. Bir gün də fərqləndirməyin. "Lans"ın 12 yaşadək futbolçulardan ibarət komandası "Danone Cup"da çempion oldu.

Təəssüf ki, həmin yarışda Azərbaycan komandası yox idi. Oradakı auraya baxsaydınız, Azərbaycana olan sevgini görərdiniz. Ölkəmizə qarşı o qədər sevgi yaranıb ki... Allaha and olsun, mən belə şey görməmişəm.

- Hər şeyi öz gözləri ilə görmələri üçün Fransa və İspaniyaya azərbaycanlı jurnalistlərin səfərini təşkil etmək fikriniz var?


- Nə vaxt ürəyiniz istəsə, hazıram. "Atletiko" ilə də danışığımız olub. Hər oyunda nə qədər jurnalist getmək istəsə, buyura bilərlər. Özü də VİP sektorda 10-12 nəfərlik yerləri var. Üstəlik, Arda Turanı və digər futbolçuları görmək istəyirlərsə, uşaqlarınızı da apara bilərsiniz. Orada jurnalistlər arasında yarış keçirə bilərik. Ürəyiniz nə istəsə, hazırıq.

Bu barədə hələ sponsorluq anlaşması imzaladığımız vaxt razılığa gəlmişdik. Sonradan pulu ödəyərkən, klubun səhmlərinə də sahib olmağa qərar verdik.

- "Canal+"də efirə gedən süjeti necə qarşıladınız?


- O süjeti telekanal hazırlamışdı, Fransa xalqı etməmişdi ki... "Lans"ın stadionunda oyun vaxtı izlədiyiniz kadrlarda azarkeşlərin mənə münasibətinin əyani şahidi olmusunuz. "Canal+" hələ "Lans"a ayaq basdığım vaxt bir nömrəli anons vermişdi. Hara gedirdimsə, məni izləyirdilər. Həm də məndən müsahibə almamışdan 3-4 gün əvvəl Bakıya gəlmişdilər.

Onların bu niyyətinin arxasında yalnız və yalnız erməni qüvvəsi dayanmışdı. Bu, fransızın işi deyildi. Əksinə, "Sağ ol ki, gəldin, "Lans"ı xilas etdin" deyə məni alqışlayırdılar. Amma "Canal+"in əməkdaşları bura məqsədli şəkildə göndərilmiş killerlər idilər. 8 gün Bakıda qaldılar. Mən Bakıya qayıdanadək uşaqlar onlara yaxşı münasibət göstərmişdilər deyə, bir qədər süjetlərini yumşaltmışdılar.

Halbuki onlar çox qəddar süjet hazırlamalı idilər. Bir adam ki, sənin evində oturub gizli kamera ilə içki içməyini çəksin...

- Berti Foqtsun Azərbaycan millisində saxlanılmasına münasibətiniz necədir?


- Onun işindən razıyam. Hafiz Məmmədovu ermənilər qəbul etmirsə, Foqtsu da düşmənləri qəbul etmir. Bilirəm, pisdir. Amma ilk növbədə, özümüz düzəlməliyik. AFFA-da da demişəm ki, əks bir şey danışmaq istəmirəm. Amma ürəyim doludur.

AFFA İcraiyyə Komitəsinin avqustun 14-də keçirilmiş iclasında Portuqaliya "Sportinq"i ilə əməkdaşlıq etmək istəyini açıqladılar. Dedim: "Nə danışırsınız? "Lans" və "Atletiko" kimi əməkdaşlıq etdiyimiz klublar var. Niyə istifadə etmək istəmirsiniz?" "Lans" da, "Atletiko" da tam Azərbaycanındır. Biri də istifadə etmir. "Sportinq"dən uşaq məşqçisi gətirirlər.

- Yeri gəlmişkən, "Lans" və "Atletiko" ilə birgə layihələrinizə sanki AFFA-da biganə yanaşırlar...


- Məni təəccübləndirən jurnalistlərin biganəliyidir. Bunları sizə və digər vətənpərvər həmkarlarınıza aid etmirəm. Özüm məəttəl qalmışam. Demə, jurnalistlər də adama paxıllıq edərmiş. Yaxşı, deyək ki, AFFA-dan kimsə paxıllıq edir, bəs jurnalistlər niyə paxıllıq edirlər, gördüyümüz işləri lazımi qaydada işıqlandırmırlar? Axı bu işlər ölkəmizin adınadır.

"Canal+"dəki sujetin axırında belə bir cümlə var idi: "Hafiz Məmmədov komandanın formalarına atasının adını yazmayıb ki... Ölkəsinin adını yazdırıb". "Lans"a da, "Atletiko"ya da sərmayəni ölkəmə fayda vermək üçün qoyuram. Görəcəksiniz, faydasını verəcək də...

- Amma son tədbirlərinizdə AFFA ya baş katib, ya da mətbuat katibi səviyyəsində təmsil olunub...


- Mənə arxayındırlar. Bir də ki, işlər yaxşı gedir, ona görə də narahat olmurlar.

- Bəlkə bu, sizin AFFA prezidenti postuna namizəd göstərilməyinizlə əlaqədardır?


- Xeyr. Mənə bir dəfə də bu barədə sual ünvanlamışdılar. Demişdim ki, Rövnəq Abdullayev FİFA-ya Yozef Blatterin yerinə getsə, mən AFFA prezidenti olacağam. İnanın, Rövnəq müəllim çox yaxşı insandır. Bir azərbaycanlı, vətənpərvər kimi kişi adamdır. Bəli, o ayrı söhbətdir ki, sırf futbolla yaşayasan. Avropada, Latın Amerikasında futbol hətta dindən də irəlidir.

"Lans" kimi 35 min nəfərlik şəhərdə oyunlara elə bu qədər insan gəlir. Orada insanlar məzuniyyətə getmirlər, gəlib komandaya azarkeşlik edirlər. Fransalı nazirlərdən biri dedi ki, siz "Lans"a sahib olduqdan sonra Azərbaycana hörmətim yüksəldi. Yaxud, İspaniyada biri "Atletiko"ya ayağımın düşdüyünü söylədi. Əvəzində "Mənim yox, Azərbaycanın müqəddəs adı düşdü" cavabını verdim.

- Amma belə görünür ki, "Atletiko" və "Lans"la əməkdaşlığınıza AFFA-dan çox Gənclər və İdman Nazirliyi dəstək verir...


- Əvvəla, Gənclər və İdman Nazirliyindən fərqli olaraq, AFFA dövlət təşkilatı deyil. Digər tərəfdən, nazirlikdən də, AFFA-dan da dəstək alıram. Ünsiyyətlərimiz o qədər yaxındır ki, bir-birimizə bələd adamlarıq. Rövnəq müəllimlə bir yerdə böyümüşük. O, mənim gördüyüm işlərə arxayındır. Bəli, onun mənə ayırmağa vaxtı olmaya bilər. Çünki daha böyük qayğıları var.

Demişəm, klublar gətirsinlər gənc futbolçularını, öz hesabımıza "Atletiko"nun, "Lans"ın akademiyalarına göndərək, gedib oxusunlar. Bu klublar bizdən hərəyə 100 yeniyetmə futbolçu istəyir. Vaxtilə Heydər Əliyev azərbaycanlı uşaqları xaricə oxumağa göndərirdi. İndi də, məsələn, ən yaxşı futbolçuların yetişdiyi Tovuzdan kasıb ailələrin övladları futbolun hesabına Sorbonna Universitetində də, Madriddə də oxuya bilərlər.(lent.az)