FAİREX-dən Alpinizm Federasiyasının iddialarına cavab

Qusarın Ləzə kəndi yaxınlığında Azərbaycan Alpinizm Federasiyasının draytulinq yarışı kimi qələmə verilən tədbiri keçirmək cəhdləri zamanı guya Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları tərəfindən onların iplərinin kəsilməsi barədə yayılan cəfəng bəyanata FAİREX-in vitse-prezidenti Sarvan Rəsulov münasibət bildirib.

FAİREX-in mətbuat xidmətindən verilən məlumata görə, o, bəyan edib ki, özlərini gah müstəqil Dağçılıq İdman Klubu, gah da ehtiyac yarananda Azərbaycan Alpinizm Federasiyası kimi qələmə verən bir dəstə, Rusiyanın Moskva şəhərində yaşayan və işləyən başçılarının ambisiyasına uyğun olaraq bəzi mətbuat orqanlarında və öz facebook səhifələrində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ünvanına iftiralar atırlar: "Bu işlə məşğul olanları çoxları tanımasa da və məqsədlərini bilməsə də, biz onları çox yaxşı tanıyır və məqsədlərini də çox aydın anlayırıq. Bu, onların boşboğaz, heç bir məntiqə uyğun gəlməyən xəstə təxəyyülünün məhsuludur.

Həmin gün biz ölkə çempionatı keçirirdik və bütün gücümüzü ona sərf etmişdik. Əsasnaməsi Gənclər və İdman Nazirliyi tərəfindən əvvəlcədən təsdiqlənmiş respublika çempionatını Azərbaycanın rayonlarından olan vətənpərvər gənclərlə birlikdə bütün zəruri qaydalara uyğun ClimBaku idman dırmanma mərkəzində böyük müvəffəqiyyətlə keçirdik. Ölkəmizin bütün bölgələrini təmsil edən, tarixdə görünməyən sayda, 40-a yaxın klubun 160-dan çox azərbaycanlı balası bu yarışda iştirak edib.

Boş-boş işlərlə məşğul olmağa bizim nə vaxtımız, nə də həvəsimiz var. Bunların gözlərinə gecə yatanda da FAİREX görünür, yuxularına da FAİREX girir. Bütün bunlar onların qəlbində yer tutmuş heyvani kindən xəbər verir. Əks halda çox həyasızcasına qondarılmış məqsədli, şüurlu yalandır. Əgər belə deyilsə özlərinin heç bir məntiqə sığmayan mövqelərinə bir az da olsa don geyindirsinlər".

FAİREX-in vitse-prezidentinin sözlərinə görə, tələm-tələsik imzasız bir sənədlə bunlar alternativ çempionat elan edirlər. İctimaiyyətin bunları dəstəkləmədiyini görəndə isə tez statusu dəyişib UİAA-nın tədbiri kimi qələmə verdilər: "Bütün bu ədəbsizliklərə, provakasiyalara biz uymadıq, gedib öz tədbirimizi keçirdik.

Görəndə ki, hər şeydən əlləri üzülüb, yerli camaatla, yerli polislə üz-göz olaraq başladılar şər atmağa ki, FAİREX gəldi iplərimizi kəsdi. Bu ittihamlar cinayət tərkibli ittihamlardır. Ona görə də cavab verəcəklər. İp kəsməklə özləri məşğuldurlar, altdan-altdan idmançıları satın almağa cəhd edən də elə özləridir.

Biz isə onlardan fərqli olaraq millətimiz üçün onların gözünü açan, fiziki və mənəvi inkişafına səbəb olan fəaliyyət göstəririk. Onlara yuxarıdan aşağı baxmaq istəyənlərin səbəblərini əllərindən almaq istəyirik. İstəyirik ki, balalarımızın səviyyəsi o dərəcədə yüksəlsin ki, onlara yuxarıdan aşağı baxmaq mümkün olmasın.

Etnik azlıqlara mənsub idmançıları hansısa məqsədlər üçün gizli yollarla Rusiya ərazisinə aparıb, orada saxlayandan sonra qaytaran da özləridir. Bu prosedurdan dırnaqarası keçən idmançıları dindirmək belə olmur. Elə bil onların beyinlərini yuyub buraxıblar.

Bu ədəbsiz, yaramaz, ölkə əleyhinə fəaliyyət göstərənlərin həyasızlığının dərəcəsinə baxın! Ölkə əleyhinə az qala leqal fəaliyyət göstərən elə özləridir və onlar idmana aidiyyəti olmayan pozucu fəaliyyətlə məşğuldurlar. Başqalarına öz natəmiz, murdar adlarını qoymasınlar".

AzNews.az