Güləşçilər təlim-məşq toplanışlarına start verdi

2014-cü ilin təqvim planına əsasən, qarşıdan gələn yarışlara hazırlıq məqsədilə güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarına start verib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında yanvarın 4-dən 14-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ilin ilk hazırlığını keçir.

Təlim-məşq toplanışına 12 idmançı - Yaşar Əliyev, Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Ruslan Dibirhacıyev, Toğrul Əsgərov, Əşrəf Əliyev, Cəbrayıl Həsənov, Həmzət Osmanov, Aleksandr Qostiyev, Xetaq Qazyumov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov cəlb edilib.

Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri isə Özbəkistan Güləş Federasiyası ilə imzalanmış müqaviləyə əsasən, bu ölkədə hazırlıq keçirlər.

Yanvarın 6-dan başlayan TMT ayın 20-dək davam edəcək. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 12 idmançı Özbəkistana yollanıb.

AzNews.az