Şahmat Federasiyasının vitse-prezidenti: “Bu, düşmən işidir”

"Matəm vaxtı bu cür qıcıqlandırıcı və qızışdırıcı xəbərlərin yayılması başadüşülən deyil. Bütün şahmatçılar və Vüqar Həşimovu sevənlər matəm içindədir".


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov bildirib.

O, iki gün öncə dünyasını dəyişən beynəlxalq dərəcəli şahmatçı Vüqar Həşimovun AŞF və Gənclər və İdman Nazirliyi ilə münasibətlərdə gərginliyin olması haqda mediada yer alan yazılara münasibət bildirərkən belə deyib: "Vüqar Həşimov federasiyanın üzvü olub. Vüqar xəstə olana qədər bizim komanda da oynayıb. Son çempionatda isə gümüş medal qazanıb. Arada münaqişə yaratmaq, üzüntü içində olan Vüqarsevərləri narahat etmək düzgün deyil. Mən bu cür məlumatları təbliğ edənləri düşmən adlandırırardım. Bu, düşmən işidir".

F. Həsənov əlavə edib ki, Vüqar Həşimovun nəşi sabah səhər saatlarında Almaniyadan Azərbaycan gətiriləcək: "Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi mərhum idmançımızın dəfnini, mərasimlərini adına layiq, yüksək səviyyədə keçirəcək".

Amid
AzNews.az