AFFA-nın İcraiyyə Komitəsi 7 qərar verib - FOTO

Bu gün Hilton otelində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

ANS PRESS AFFA-nın saytına istinadən məlumata görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, Texniki direktor Bernhard Lippert, tanınmış mütəxəssis Ağasəlim Mircavadov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Denizli və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Topaz Premyer Liqasının 2014-15-ci il mövsümündən limit 6+4+1 (6 əcnəbi, 4 yerli və 1 yerli 23 yaşadək - 1992-ci il təvəllüdlü) formatında tətbiq olunsun. Lakin oyunun protokoluna daxil edilən 18 futbolçudan biri mütləq 21 yaşadək (1994-cü il təvəllüdlü) olmalıdır.
2. 2014-15-ci il mövsümündən etibarən I divizionda oynayan klubların heyətində yaşı 23-dək (1992-ci il təvəllüdlü) 8 yerli futbolçu olmalıdır.
3. Lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014-15-ci il mövsümündən Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsi müzakirə olunsun.
4. Respublika ərazisində təşkil olunan bütün futbol oyunları AFFA tərəfindən təsdiq olunduqdan sonra keçirilməlidir.
5. Auto Azerbaijan şirkətinin maliyyə direktoru Ziya Babayev Apellyasiya və Ekspert Komissiyasının üzvü seçilsin.
6. Klublarda oynayan 23 yaşadək (1992-ci il təvəllüdlü) yerli futbolçuların əmək haqları ilə bağlı monitorinq aparılsın və onlar üçün müvafiq əmək haqqı müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunsun.
6. AFFA-nın 2008-ci ildən balansında olan Göyçay şəhər stadionu rayon icra hakimiyyətinin müraciətinə əsasən Göyçay rayon Gənclər və İdman idarəsinin balansına verilib.


AzNews.az