13:32
(077) 610-22-33

Gimnastımız Dünya Kubokunun qalibi oldu

  • >
538 17 Mart 2014 13:53 | İdman

Azərbaycan gimnastı Marina Durunda Macarıstanın Debretse şəhərində keçirilmiş Dünya Kubokunda qalib olub.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək M.Durunda finalda halqa ilə tapşırıqda 17,6 bal toplayaraq yaxın rəqibləri olan Ukrayna və Rusiya gimnastlarına heç bir şans verməyib.

Mürəkkəb proqram, hakimlərin yüksək qiyməti və azarkeşlərin sürəkli alqışları Azərbaycan himninin səslənməsinə və dövlət bayrağının qaldırılmasına gətirib çıxarıb.

İkinci dəfədir ki, Üzeyir Hacıbəyovun möhtəşəm musiqisini şəxsi yarışlardan fərqli olaraq, 6 dəfə çox gimnast dinləyib. Azərbaycanın qrup komandası ötən həftə olduğu kimi qələbə qazanıb. Bu dəfə isə çoxnövçülükdə qalibiyyət əldə olunub. Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva 3 top və 2 lentlə tapşırıq proqramında üçüncü yeri tutublar.
Bakıdakı Avro-2014-ə yuniorlar da hazırlaşırlar. Belə ki, Jalə Piriyeva və Züleyxa İsmayılova Dünya Kuboku ilə paralel keçirilmiş beynəlxalq turnirdə komanda hesabında bürünc medal qazanıblar.

Jalə və Züleyxanın hər birinin hesabında halqa və gürzlə hərəkətlərə görə daha bir gümüş medal var.

Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva bildirib: "Mən Nilufər Niftəliyevanı da qeyd etmək istəyirəm. Durunda ilə duet təşkil edən Nilufər ilk dəfə olara Dünya Kubokunun finalçıları sırasına daxil olmağı bacardı. Onun yeddinci yer tutması biz mütəxəssislər və gimnastikanın özü üçün çox önəmlidir".

Onun sözlərinə görə, iyunda keçiriləcək Avropa çempionatında millinin heyətinə düşməyə namizəd olan Gülsüm Şəfizadə və yunior Beyza Dəmirin də uğurları bərabərdir: "Onlardan birincisi Fransanın Kal şəhərində beynəlxalq turnirdə bütün 4 finalın qalibi olub və çoxnövçülükdə ikinci yeri tutub, digəri isə lentlə tapşırıqda qalib adını qazanıb. Bəs sonra? Novruz bayramı günlərində Ştutqarta yollanacağıq. Almaniyanın maşınqayırmada ad çıxarmış bu şəhərində Dünya Kubokunun növbəti mərhələsi keçiriləcək və ümid edirik ki, Bakıya bayram əhval-ruhiyyəsində qayıdacağıq".

Eyni zamanda, Almaniyanın Kottbus şəhərciyində idman gimnastikası üzrə B kateqoriyalı Dünya Kuboku başa çatıb. Həmin yarışda Azərbaycanın 4 təmsilçisi iştirak edib. Onlar mükafatçılar sırasına daxil olmasa da, Marina Nekrasova təkanla tullanmada finala çıxıb və 6-cı yer tutub. O, üçüncü yeri tutmuş idmançıdan 0,7 bal az toplayıb. Bu, gimnastın potensialından və mayda Sofiyada keçiriləcək Avropa çempionatından öncə məşqçi heyətinin daha da əzmlə çalışmasından xəbər verir.

AzNews.az
Bağla X