Azərbaycan Ermənistandan UEFA-ya şikayət edib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) işğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının (EFF) təşkilatçılığı ilə keçirilən məşqçi kursu ilə bağlı qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib.

AzNews.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nin Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib.

E.Məmmədov, həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.

Xatırladaq ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.

AzNews.az