20:53
(077) 610-22-33

“Dopinq qalmaqalında idmançılar günahkar deyil”- AÇIQLAMA

  • >
1 163 16 Aprel 2014 11:18 | İdman

"Bu qədər idmançının dopinq testdən keçə bilməməyi çox pis haldır. Bundan sonra necə olacağını bilmirəm"

Bunu apasport.az saytına açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq üzvü Veliçko Çolakov deyib.

2004-cü ildə Afinada keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc mükafat qazanan bolqarıstanlı atlet Azərbaycan yığmasının 18 üzvünün dopinqdə "ilişməsi"nə münasibət bildirib. Vaxtilə eyni problemlə üzləşən Çolakovun fikrincə, bu hal idmançıların gələcək karyeralarına təsirsiz ötüşməyəcək: "Dopinq idmançının gələcək karyerasını sual altında qoya bilər. 18 idmançının cəzalanması mənim üçün gözlənilməz oldu. Çünki mən 2 il öncə komandanın düşərgəsində olanda hər şey qaydasında idi. Dopinqlə bağlı heç nə yox idi. Bəs bu qədər atletin cəzalanmasından sonra 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına xalları kim toplayacaq? Bu, lisenziya üçün vacibdir və yığmanın çətinlik çəkəcəyi sözsüzdür".

Çolakov dopinq qalmaqalında idmançılardan başqa hamını günahlandırıb: "Azərbaycandan getdiyim 2 ildə "apasport"dan başqa heç kim mənimlə əlaqə saxlamayıb. Hətta ölkənizdə rəhbərliyi altında hazırlaşdığım həmyerlim Zlatan Vanev belə Bolqarıstana gələrkən mənimlə nə görüşüb, nə də telefon əlaqəsi saxlayıb. Dopinq qalmaqalında onun günahkar hesab edilməsinə gəlincə, komandanın sıralarında olmadığımdan nəsə deməyə çətinlik çəkirəm. Amma bu işdə tək Vanev deyil, idmançılardan başqa, hamı günahkardır".

Hazırda vətənində məşqçi kimi çalışdığını deyən atlet bildirib ki, artıq bunun bəhrəsini görüb: "Bolqarıstanda uşaqlara məşq keçirəm. Balaca bir qrupda azyaşlılarla çalışıram. Artıq ilk nəticələr də var. Bu yaxınlarda yetirməm 12-14 yaşadək atletlər arasında Bolqarıstan çempionatında qızıl medal qazandı. İndi onların daha da güclü idmançı kimi yetişməsi üçün çalışıram".

Qeyd edək ki, Çolakov London Olimpiadasından sonra Azərbaycandan gedib.

AzNews.az
Bağla X