Rusiya Futbol İttifaqının yeni prezidenti seçildi

Rusiya Olimpiya Komitəsinin (ROK) icraçı direktoru Nikolay Tolstıx Moskvada keçirilən səsvermənin ikinci turunun nəticələrinə görə, Rusiya Futbol İttifaqının (RFİ) yeni prezidenti seçilib.

AzNews.az-ın məlumatına görə, o, 148 səs toplayaraq birinci olub. Seçkilərdə Tolstıxın əsas oppenenti, Rusiya Futbol Premyer-Liqasının (RFPL) başçısı Sergey Pryadkin 124 səs, "Novaya generasiya" mini-futbol klubunun icraçı direktoru Valeri Beletski bir səs toplayıblar.

Birinci turdan sonra namizədliklərini geri götürdüklərini elan edən Yevgeni Lovçev, İqor Lebedev Pryadkinə səs verməyə çağırıb, Alişer Aminov isə Tolstıxı dəstəkləyib.

Qeyd edək ki, Tolstıx 1974-1983-cü illərdə Moskvanın "Dinamo" klubunun heyətində oynayıbr. 1983-cü ildə ağır zədələndiyi üçün inzibati işə keçirilib. Uzun illər "Dinamo" İdman Cəmiyyətinin strukturunda işləyib.

1992-ci ildən RFİ prezidentinin müavini, icraiyyə komitəsinin üzvü və Peşəkar Futbol Liqasının (PFL) başçısı olub. 2011-ci il avqustun 17-dən ROK-un icraçı direktorunun müavini işləmiş, elə həmin il sentyabrın 29-dan ROK-un icraçı direktorudur. Tolstıxın namizədliyi Uşaq Futbol Liqası və Kostroma Futbol Federasiyası tərəfindən irəli sürülüb.

Ədil Hüseynli
AzNews.az