“Neftçi“nin baş məşqçisi: “Qazandığımız uğura görə hələ mükafat almamışıq” - Foto

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin AzNews.az-a müsahibəsi:

- "Neftçi" Avroliqa turnirinin pley-off mərhələsində Kiprin "APOEL" komandasına qalib gələrək, Avro Liqanın qrup mərhələsinə vəsiqə qazandı. Bu nailiyyət müstəqil Azərbaycanın futbol tarixində ən böyük uğur hesab edilir. Siz də belə düşünürsünüz?

- Hamı özünə şir deyir. Mən nailiyyətə görə sevinirəm, amma düşünürəm ki, bu qələbə Azərbaycan üçün çox azdı. Biz hələ daha çox nailiyyətlərə imza atmalıyıq. Azərbaycan futboluna daha çox tövhələr vermək fikrindəyəm.

- Avro Liqanın qrup mərhələsinə düşməyiniz bir təsadüf idimi?

- Mənim futbolda gördüyüm işlər heç vaxt təsadüf olmayıb, hamısı qanunauyğunluqdur. Biz istənilən qədər məşqlər aparıb, çalışırıq ki, daha böyük uğurlara imza ataq. Buna görə də "təsadüfən" demək olmaz.

- Qazandığınız uğura görə mükafat aldınız?

-Mükafata görə işləmirəm. Şükür ki, komandada hər şey qaydasındadı, səmimi mühit var. Belə şeylərə heç birimiz əhəmiyyət vermirik. Hər şeyə görə Sadıq müəllimə borcluyam. Biz hələ mükafat almamışıq, amma o mükafat bizə verilməsə belə, bizə xalqın mənəvi dəstəyi bəsdir. Düşünürəm ki, xalqımıza bəxş etdiyimiz sevinc bizim üçün ən böyük mükafatdır.

- Bu uğurunuzun səbəbini nədə görürsünüz?

- Bizim uğurlarımızın ən başlıca səbəbi klubumuzda həddən artıq səmimiyyət və mehribançılığın olmasıdır.

- "Neftçi"nin UEFA-nın qrup mərhələsində rəqibləri "İnter", "Partizan", "Rubin"dir. Sizcə "Neftçi" üçün ən təhlükəli rəqib hansıdır?

- Qrupa düşən klublar arasında zəifi yoxdur. Başda "Neftçi" olmaqla bütün komandalar çox güclü klublardı. Mən hesab etmirəm ki, biz bu rəqiblərdən zəifik. Bura gəlib çıxmışıqsa, deməli, biz də "İnter" kimi, "Rubin" kimi öyünməyə layiqik.

- Avropa Liqasıyla yanaşı siz Azərbaycan çempionatında da oynayacaqsınız. Bu çətinlik yaradacaq ki?

- Bəli. İlk dəfədir ki, Azərbaycan komandası mövsümün tam yarısını həm Avropada oynayacaq, həm də ölkə çempionatında. Biz bunların hamısını fikirləşmişik. Elə hazırlıqlarımız da, planlarımız da bu vəziyyətdə hansısa çətinliyə düşməmək üçün qurulub. Biz fiziki hazırlığa daha çox önəm veririk.

- İtaliyanın "İnter" klubu dünyanın nəhəng futbol komandalarından biridir. "İnter"lə oynamaq oyunçularda psixoloji gərginlik yaratmayacaq?

- Oyunçularımız bütün oyunlara psixoloji cəhətdən çox yaxşı hazırlaşıb. "İnter"in adı bizi qorxutmur. Gücümüz nəyə çatsa, onu da edəcəyik. Mən uduzmağı qətiyyən sevmirəm. Komandamız qrupa qədər gəlibsə, bu, o demək deyil ki, hər şey bitib. Əsl bacarıq bundan sonra göstərilməlidir. Bu uğuru özümçün, özümü də insanlar üçün şişirtmirəm. Əvvəl necə insan olmuşamsa, yenə həminki adamam. Söz verirəm ki, qrupda gözləniləndən yaxşı nəticə qazanacağıq.

- Yeni transfer olacaqmı?

- Yox. Biz buna ehtiyac görmürük. Yeni gələn də hələ bir müddət adaptasiya olunmalıdır. Hesab edirəm komandada transferə ehtiyac yoxdu.

- Mətbuatda gedən xəbərlərdə klubunuzun gənc oyunçusu Cavid İmamverdiyevin xəsarət aldığı bildirilir. Bu, sizi qorxutmur ki?

- Sözsüz ki, Cavid komandada yeri olan, sayılıb-seçilən gənc futbolçulardan biridir. Amma bizim klubda əvəz olunmayacaq futbolçu yoxdur. Cavid dünən 21 yaşlılar arasında keçirilən yarışda 90 dəqiqə oynadı. Hesab edirəm ki, onun zədəsi ciddi deyil. Qarşıdakı oyunlarda da "Neftçi"yə köməklik edəcək.

- Hansı oyunçulara daha çox etimad göstərirsiniz?

- "Neftçi"nin bütün oyunçuları yüksək səviyyəli oyunçulardır. Xüsusi fərqləndirmək istəməzdim.

- Məşqləriniz hansı səviyyədə aparılır?

- Hər gün mütəmadi olaraq məşqlər aparırıq. Bütün xalqın gözü "Neftçi"dədi. Uğur qazanmaq üçün daha çox çalışmalıyıq.

AzNews.az
Bahadur
Mahir Hüseynbəyli
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description