“Kamran Ağayev nə vaxt istəsə, qayıda bilər” “Kamran Ağayev nə vaxt istəsə, qayıda bilər”

Yunis Hüseynov: “Oyunçu məni əsəbiləşdirirsə, onu maddi cəhətdən cərimələyirik”

“Kamran Ağayev nə vaxt istəsə, qayıda bilər”



"Xəzər - Lənkəran" futbol komandasının baş məşqçisi Yunis Hüseynovun AzNews.az-a müsahibəsi:

- Yayda komandanız cəmi 5 transfer həyata keçirdi. Halbuki, sizin daha çox oyunçuya ehtiyacınız var idi. İstədiyiniz oyunçuların, məsələn, Latviya yığmasının hücumçusu Aleksey Vişnakovun transfer olunmamasının əsas səbəbi kimi buna rəhbərliyin icazə verməməsi göstərilir. Bu, nə dərəcədə doğrudur?

- Biz Aleksey Vişnakovun tranverini nəzərdə tutmamışıq. Heç onu transfer etmək fikrimiz də olmayıb. Amma biz güclü transferlər etmişik. Məsələn, hücumçu Beto, yarımmüdafiəçi Vandersol...

- Siz komandanızın əsas qapıçısı sayılan Kamran Ağayevi nizam-intizama riayət etmədiyinə görə heyətdən uzaqlaşdırdız. Artıq yığmamızın baş məşqçisi Berti Foqts və AFFA-nın rəhbərliyi sizə müraciət edib, onu komandaya qaytarmağı xahiş etsə də, siz fikrinizdən dönmədiz. Kamran nə etməlidir ki, siz onu heyətə qaytarasız?

- Mənə Berti Foqts və AFFA-nın rəhbərliyi tərəfindən elə bir müraciət olunmayıb. Biz Kamranı komandamızın əvəzedici heyətində qeydiyyata salmışıq. Kamran nə vaxt istəsə, qayıda bilər.

- Digər bölgələrə nisbətən, Lənkəranda futbola maraq daha böyükdür və nəticə olmayanda baş məşqçilərə daim təzyiqlər olur. Sizin də ilk günlərdə bəzi təzyiqlərlə üzləşdiyiniz deyilir. Bu problemlər tam olaraq həllini tapdımı?

- Ümumiyyətlə, "Xəzər-Lənkəran" komandasının azarkeşləri komandalarına çox bağlıdı. Azarkeşlərlə mənim aramda heç bir problem yoxdur. Mən onlara hörmət edirəm, onlar da mənə. Bundan sonra da çalışacağam ki, azarkeşləri qələbələrlə sevindirim.

- Qələbə qazanmaqda azarkeşlərin payı nə qədərdir?

- Oyunda "üçüncü əl" deyilən bir şey var. Azarkeş dəstəyi oyunu udmaq üçün əsas amillərdən biridir.

- "Xəzər Lənkəran"ın zəif və güclü cəhətləri hansıdı?

- İnanmıram ki, bizim komandanın zəif cəhəti olsun. Bizim komandamız hər cəhətdən güclüdür. 8 ildir yaranan bir komada olmasına baxmayaraq, bu komanda hər il çempionluğa oynayan bir komanda olub. Dəfələrlə çempion olan bu "Xəzər Lənkəran" klubu həmişə olduğu kimi yenə də çempionluğa oynayan və çalışqanlığı ilə seçilən bir klubdur.

- Oyunlar zamanı əsəbiləşməyiniz ilə seçilirsiniz. Əgər doğrudan da heç bir problem yoxdursa, sizi əsəbiləşdirən nə olur?

- Futbol elə bir oyundu ki, istənilən baş məşqçi əsəbiləşir. Ola bilsin mən daha emosional görünürəm. Bəzən oyunçular taktikaya riayət etmədikləri üçün məni əsəbiləşdirir. Bu ancaq oyun zamanı baş verir. Digər vaxtlarda mənim oyunçularla problemim yoxdu.

- Sizi əsəbiləşdirən oyunçuları necə cəzalandırırsınız?

- Buna görə müəyyən cərimələr nəzərdə tutulub. Oyunçu əgər oyunda məni əsəbiləşdirirsə, biz onu maddi cəhətdən cərimələyirik.

- Təxminən 7 aydır ki, "Xəzər-Lənkəran"a baş məşqçisisiniz. Bu qısa müddətə hansı uğurlar oldu?

- Düzü, mən "Karvan"dan təzə ayrılanda düşünürdüm ki, baş məşqçinin işsiz günləri də ola bilər, normal haldır. Amma 8 aydan sonra mənə "Xəzər-Lənkəran"dan təklif gəldi. Mən də hər cəhətdən güclü bir komandanın təklifini dəyərləndirdim. 7 ayda uğurlarımız çox olub. Komandamız yeni mövsümdə keçirdiyi üç oyunda məğlub olmayıb. "Rəvan" klubu ilə 1-1, "İnter"lə 0-0 heç-heçə etmişik. Kəpəz komandasını isə 4-0 hesabı ilə məğlub etmişik. Digər komandalardan bir oyun az keçirməyimizə baxmayaraq, Azərbaycan çempionatında 5-ci yerdəyik.

- "Lex" Avroliqanın ikinci mərhələsində "Xəzər-Lənkəran"a mərhələ adlamağa imkan vermədi. Bunun səbəbləri nə idi? "Lex" həddindən artıq güclü idi yoxsa, "Xəzər-Lənkəran" hazırlıqlı deyildi?

-Söz yox ki, "Lex" Avroliqada öz sözünü demiş, güclü komandalardan biridir. Amma hesab etmirəm ki, biz onlardan zəifik. Futbolda şans deyilən bir şey də var. Biz "Lex"dən daha yaxşı oyun nümayiş etdirdik. Ancaq neynəmək olar, şans onların yanında idi.

- Çempionluq yolunda ən güclü rəqiblərinizdən olan "Neftçi" Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Bu uğura görə "Neftçi"ni təbrik etmisiz?

- Mən artıq Böyükağa Hacıyevə zəng edib təbriklərimi çatdırmışam. Bir daha sizin vasitənizlə də "Neftçi"ni təbrik edirəm. Doğurdan da onlar çox böyük tarixi bir uğura imza atıblar.

- Keçən mövsüm klubunuz Azərbaycan çempionatında 2-ci yerə çıxdı. Növbəti hədəfiniz nədir?

Hələ ki, ilk hədəf yeni mövsümdə Azərbaycan çempionu olmaqdır. Çempion olaq, qalanını sonra fikirləşərik.

Bahadur Eyuboğlu
AzNews.az