“Artıq güclü Rusiya komandası bizimlə hesablaşır” “Artıq güclü Rusiya komandası bizimlə hesablaşır”

16 qat dünya çempionu Eduard Məmmədov: “Elə vurum, bir də ayağa durmasın!”

“Artıq güclü Rusiya komandası bizimlə hesablaşır”



Eduard Məmmədovu təkcə Azərbaycanda deyil, bütün dünyada güclü idmançı kimi tanıyırlar. AzNews.az-ın redaksiyasına gələn məşhur idmançı verilən suallara əminliklə cavab verdi. Polis kapitanı olan kikboksçumuz ünsiyyət zamanı gah idmançı, gah da polis kimi danışdı.


- Eduard Məmmədov idmançı olmasaydı, hansı işlə məşğul olardı, kim olardı?

- İdmançı olmasam, kim olardım? Maraqlı, həm də çətin sualdı. Onda icazə verin, mən sizə bir az əvvəldən danışım. Uşaq olanda bütün idman növlərinə həvəsim vardı. Yadınızdadırsa, bir vaxtlar Jan Klod Van Damın, Bryus Linin və başqalarının döyüş filmləri olduqca dəbdəydi. Hər dəfə o kinolara baxanda deyirdim, görəsən, onlar kimi idmançı ola bilərəm, çempion ola bilərəm? Sonra zaman keçdikcə bildim ki, onlar sadəcə aktyordular. Uşaq vaxtında vətənpərvər olduğumdan, vətənimi sevdiyimdən istəyirdim ki, mən də bayrağımızı qaldırım, mən də qalib olum. Həmişə televizorda yarışlara baxanda sevinirdim və özümə inanırdım ki, vaxt gələcək mən də çempion olacam, bayrağımızı yüksəklərə qaldıracam. İlk vaxtlarda müxtəlif idman növlərində - üzgüçülükdə, tennisdə özümü sınadım. Amma digər idman növlərində özümü tapa bilmədim. Sonra öz müəllimimlə, həm də hazırda yığmanın məşqçisi Çingiz Eyvazovla tanış oldum. O mənə dedi ki, görürəm səndə potensial var, sən dünya çempionu olacaqsan. Sözün düzü, Çingiz müəllimə inandım və onunla məşq etməyə başladım. Həqiqətən də qısa müddət ərzində böyük nəticələr göstərdim. Bizim federasiya 1995-ci ildə yaranıb və o ildən bu günədək bütün Azərbaycan çempionatlarında çıxış etmişəm, hamısında da qalib olmuşam. Belə deyim də, özlüyümdə fikirləşmişəm ki, əvvəlcə ölkə çempionatında özümü göstərməliyəm, güclü olmağımı sübut etməliyəm. Bəlkə də bu cür fikirləşməyimin nəticəsində 15 dəfə Azərbaycan çempionu olmuşam. İdmanda bu cür nəticələrimə baxmayaraq, təhsil almağa da ciddi əhəmiyyət vermişəm. Üç ali təhsil almışam; Bədən Tərbiyəsi və İdman Akademiyası, Polis Akademiyası və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunuyam. Hazırda DİN orqanında işləyirəm, rütbəm də kapitandır. İnşallah yaxın 20 gündə mayor rütbəsini alacam, vaxtı çatıb. Polis işçisi olmaq da mənim uşaqlıq arzum olub. Həmişə vətənə xidmət etməyi düşünmüşəm.

- Vətənə xidmət üçün mütləq polis olmaq lazımıydı? Məsəlçün, hərbçi ola bilərdiniz.

- Bəs, polis işçisi olmaq vətənə xidmət deyil? Üç ali təhsil almışam. Polisdəki xidmətim əladır, harada işlədiyimi demək istəməsəm də, zabit kimi işimin öhdəsindən layiqincə gəlirəm. Xidmətimə görə, cənab Prezident mənə "Vətən uğrunda" medalı ilə təltif edib. Fəxr edirəm ki, həm idmançıyam, həm də polis işçisi kimi fəaliyyət göstərə bilirəm. İnsanlar hansısa problem olanda zəng edirlər ki, filan problem var. Mən də əlimdən gələn qədər kömək edirəm. Bayaq siz dediniz ki, kim olardınız? Mən sözümü ona gətirirəm ki, mən polis olardım. Uşaq vaxtı nə arzulayırdımsa, hamısına çatmışam. İdmançı olmasam da, polis işçisi olacaqdım.

- Niyə, idmançılar uğur qazandıqdan sonra polis olmağa üstünlük verirlər?

- Ona görə ki, idmançıdır, gücü var. İdmançılar gücünü göstərmək üçün polis işçisi olaraq fəaliyyət göstərirlər. Hərə bir sahəni seçir, idmançılar da çətin işləri seçməyə üstünlük verirlər. İdmançı alim ola bilməz axı...

- İlk dəfə neçə yaşınızda çempion olmusuz?


- İlk dəfə 2000-ci ildə dünya çempionu olmuşam. Ümumilikdə isə, 16 dəfə dünya çempionu olmuşam. Həm də eyni ildə iki istiqamətdə dünya çempionu olmuşam. Bu da çox çətin məşqlərin nəticəsiydi. 2009-cu ildə Avstriyada dünya çempionatında 5 ağır döyüşü udaraq, qalib oldum. Daha sonra İtaliyanın Luqano şəhərində full kontakt döyüşləri keçirildi. Full kontaktda ilk azərbaycanlı dünya çempionu oldum. Orada finalda Rusiyanı təmsil edən erməni Zurab Farayana qalib gələrək qızıl medal qazandım. Həmin ildə iki dəfə dünya çempionu adını qazanaraq, böyük uğura imza atdım. Özü də hər iki yarış bir ay ərzində olmuşdu.

- İdmançı üçün rəqib, rəqibdir. Bəs, maraqlıdır, erməni idmançıya qalib gəlməyin üstünlüyü nədədir?

- Demək olar ki, həmişə erməni rəqiblərimə qalib gəlmişəm. Adını çəkdiyim Zurab Farayanla keçirdiyim döyüşlər isə xüsusi ilə prinsipial əhəmiyyət kəsb edir. Onunla keçirdiyim bütün döyüşləri arenadakı bütün kameralar diqqətlə çəkir. Farayanla döyüşdə hamı nəticəni maraqla gözləyir. Onu da deyim ki, idmançı üçün döyüşdə güc yox, ağıl vacibdir. Onunla döyüşdə həm ağlımı işlədirəm, həm emosional oluram. Döyüşdən əvvəl ancaq onu fikirləşirəm ki, rəqibi elə vurum, bir də ayağa dura bilməsin. Bir epizod danışım. 2000-ci ildə ilk dəfə dünya çempionu olanda erməni idmançı ilə yarımfinalda döyüşdə ona elə zərbə vurdum ki, dizi üstə düşdü. Təsəvvür edin, mən Azərbaycanın bayrağını qaldırmışam, o isə qarşımda dizi üstə yerə çöküb, istəsə də qalxa bilmir. Onun məşqçisi qışqırırdı ki, dur ayağa, çəkil ordan. O da deyirdi ki, mən dura bilmirəm, belə asandırsa, özün gəl dalaş. Zalda da hamı onların düşdüyü vəziyyətə gülürdü. Çünki kənardan onlar üçün dəhşətli mənzərəydi ki, qalib gəlib bayrağımızı başım üstə qaldırmışam, o isə yerindən qalxa bilmir. Özü də o idmançı ilə döyüşüm cəmi 15 saniyə çəkdi. Təsəvvür edin, idmançı karyeramda həmin 15 saniyə ən qısamüddətli nokauta salmam kimi yadımda qalıb. Dünyada ən çox dünya çempionu olan idmançıyam deyə bütün rəqiblər mənimlə rinqə çıxmaqdan çəkinirlər. Bu il də mən Braziliyada dünya kubokunun qalibi oldum. Təkcə kubokun ağırlığı 14 kiloqramdan artıq idi. Yarış özü də olduqca güclü yarış idi, çünki bütün idmançılar güclülərin güclüləriydi. Sonuncu qələbəmi – 16-cı dünya çempionluğumu isə Azərbaycanda qazandım. Məhz mənim döyüşlərimə baxmaq üçün nə qədər insan gəlmişdi.

- Özünü güclü idmançılar üçün arzuolunmaz rəqib hesab edirsən?

- Hardasa elədir. Çoxunun arzusu mənə qalib gəlməkdir. Mən də öz məşqlərimi stabil davam etdirirəm. Özümə məxsus bir sirrim də var ki, hətta bazar günləri də məşq edirəm. Həm də yeganə idmançıyam ki, rinqə gülə-gülə çıxıram. Bəziləri gözləri ilə psixoloji təsir göstərməyə çalışırlar. Mən isə elələrinə gülürəm ki, sən nə düşünsən də, xeyri yoxdur, onsuz da qalib olacam. Bir də onu deyim ki, bizim idmanda ağıl, psixoloji üstünlük olduqca vacibdir. Elə idmançılar var ki, deyirlər, ay bu əjdahadı, filan yeri sınıb, güclüdü, nə bilim nədi. Amma mən deyirəm ki, mənə o idmançını tapın ki, onun heç bir yeri zədəli olmasın. Hansısa idmançı rəqibə on zərbə vurmağıyla fəxr edir, amma özü də səkkiz zərbə buraxır. Amma mən 5-6 zərbə vurub, 2-3 zərbə buraxıram. Bu da bir üstünlükdür.


- Yarışdan əvvəl rəqiblərin döyüşlərinə baxırsan?


- Olur ki, baxıram. Həm də mən çalışıram rəqibin axırıncı dəqiqələrinə baxım ki, görüm nəfəsi nə qədər çatır. Bununla da rəqib haqqında fikir formalaşır. Bayaq dediyim kimi psixoloji məqamı yenə təkrarlayıram. Rəqibə psixoloji təsir göstərmək lazımdır. Yəni, rinqdə torba tikməyi bacarmaq lazımdır. Məsəlçün, sonuncu döyüşlərdən yadımda qalan braziliyalı idmançını deyim. O rinqə çıxanda artıq mənim gözlərimə baxmağa qorxurdu. Halbuki, fiziki cəhətdən məndən güclüydü.


- Bəs, rəqiblər sənin fəndlərini öyrənib, özünə qarşı istifadə edirlər?

- Sözsüz yarışlarda çəkilən videolara baxırlar. Mənim www.eduardmammadov.com adlı saytım var, orada bütün döyüşlərimi yerləşdirirəm ki, qoy hamısı baxsın. Onlar bilmirlər ki, mən hər dəfə yeni taktika seçirəm. Onu da deyim ki, mən artıq on ildir məşqçiyəm. Sevinirəm ki, ölkəmizə ən çox qızıl medal gətirən Azərbaycan Kikboksinq Federasiyasıdı. Tələbələrim Avropa, dünya çempionlarıdı. Zaur Məmmədov, Aydın Vəliyev və başqa perspektivli tələbələrim var. Adətən bizdə idmançılar karyeralarını dayandırdıqdan sonra məşqçiliyə başlayırlar. Amma mən həm özüm rinqdə oluram, həm də tələbələrim yarışır. Elə olub ki, bir rinqdə mən, digərində tələbəm olub. İnanın, özümdən çox tələbəmə görə narahat olmuşam, enerjimi tələbəmə göndərmişəm ki, qoy o tələbəm qalib olsun. Hazırda 5 yaşından 45-50 yaşınadək tələbəm var. Məşq keçəndə həmişə çalışıram işimi elə qurum ki, tələbələrim qoy vətənpərvər olsunlar. Qoy, heç biri vətənin əsgəri olduqlarını unutmasın. Ali Baş Komandan, cənab Prezident bizə əmr versə ki, əlcəklərinizi çıxarın, silaha sarılın, vətəni qorumaq lazımdı, qoy hamımız vətənin müdafiəsinə hazır olaq. Bu, ürəkdən dediyim, arzuladığım bir hissdir. Orxan Məcidli adında bir tələbəm var. Boyu hündür olmasa da, çox ürəkli, güclü uşaqdır. O gün zəng edib ki, müəllim, mən Murovda əsgərlikdəyəm. Burada soruşdular ki, kim idmançıdır, dedim ki, mən idmançıyam, əvvəl inanmadılar. Sonra özümdən böyükləri bir zərblə aşırdıb. Hamı məətəl qaldı. Uşaq özü də deyir ki, Eduard müəllim, çox sağ olun ki, bizi belə yaxşı hazırlamısız.

- Nə vaxtsa xarici ölkədən təklif gəlib?

- Çox olub. Konkret İspaniyadan təklif gəlmişdi. Özü də İspaniyada kikboksinq inkişaf edib. Hər şey vəd edirdilər. Amma mən dedim ki, ömrüm boyu bir bayraq altında vuruşacam. Çox sevinirəm ki, öz vətənimi təmsil edirəm, xalqıma xidmət edirəm, dövlətimə sadiqəm. Həmişə qalib olan kimi qışqırıram ki, bayrağımızı verin. Təltifetmə mərasimlərindən sonra o qədər olur ki, yaxınlaşıb deyiblər, sizin nə yaxşı himniniz var. Fərəhdən adamın tükləri biz-biz olur. Onu da deyim ki, bizim bütün uğurlarımız birbaşa federasiyamızın, onun rəhbərliyinin diqqət və qayğısı nəticəsində davamlıdı. Millət vəkili Adil Əliyev çox sağ olsun ki, onun ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində federasiyamız ölkəyə ən çox medal gətirən federasiya olub. Heç yadımdan çıxmaz, bir dəfə Belarusdan olan güclü bir rəqibimlə döyüşdən əvvəl Adil müəllim mənə ürək-dirək verdi, dəstək oldu. Elə həmin yarışda – Makedoniyada, 2006-cı ildə qızıl medalı mənə şəxsən özü təqdim etdi. Hətta, Adil müəllim bu yaxınlarda mənə dedi ki, sən çox gəncsən, hələ rinqdə çox qalacaqsan. Mən öz federasiyamızın uğurlarından danışdım, onu da deyim ki, hazırda Azərbaycanda bütün idman sahələri böyük inkişaf dövrünü yaşayır. Təbii ki, bu da birbaşa cənab Prezidentin qayğısı sayəsində baş verir. Baxın, ölkəmizdə nə qədər yeni olimpiya-idman kompleksləri tikilir, nə qədər yeni nəsil idmançılar yetişir. Cənab Prezident bütün idmançılara eyni diqqəti, qayğını göstərirsə, biz də idmançı olaraq uğur qazanmalıyıq.


- Güclülər arasında Azərbaycan Kikboksinq Federasiyası neçənci yerdədir?

- Əvvəllər medal sayı az olsa da, son illər idmançılarımızın qazandıqları medalların sayı çoxalıb. Həm də əvvəl bizə elə-belə baxırdılar ki, əşşi Azərbaycandır də... Amma illər keçdikcə bizə, rinqə çıxan bütün idmançılarımıza baxış dəyişdi. Həm də getdikcə bizim idman sahəsində də uğurlar o qədər çoxaldı ki, artıq güclü Rusiya komandası bizimlə hesablaşır. Həmişə dünya ölkələri arasında ilk üçlükdə olmuşuq. Elə də olub ki, komandalar arasında medal sayına görə birinci də olmuşuq. Qarşıdan bir-birinin ardınca ciddi yarışlar gəlir. İlk yarış Slovakiyada olacaq, ora işimlə əlaqədar gedə bilməsəm də, tələbələrimi göndərirəm. Sonra Ankarada Avropa çempionatı olacaq. Ondan sonra Rumıniyada noyabr ayında yarış keçiriləcək. Orada həm də qeyri-olimpiya oyunları üçün lisenziya veriləcək. İnanıram ki, kikboksinq da gələcəkdə olimpiya oyunları siyahısına daxil ediləcək.

- Ola bilər ki, 2016-cı ildə Rio de Janeyroda olimpiya oyunlarında iştirak edəsiniz?

- Məncə yaşım buna imkan verməz. Buna baxmayaraq, mən orada öz tələbələrimlə çıxış edəcəm. Medal qazanacağımıza da əminəm.

Elxan
AzNews.az
image description image description image description image description image description image description image description