Milli komandanın Portuqaliya ilə start heyəti

Apasport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının Portuqaliya yığması ilə oyunda meydana çıxacaq start heyəti müəyyənləşib. Millinin baş məşqçisi Berti Foqtsun DÇ-2014-ün seçmə mərhələsinin 2-ci qarşılaşmasında kimə güvənəcəyini böyük ehtimalla dəqiqləşdirib.

Almaniyalı mütəxəssis sentyabrın 11-də baş tutacaq ilk səfər oyunumuzda bir sıra yeniliklərə əl atıb. Söhbət ayın 7-də İsraillə oyunda meydana çıxmayanların yeni mərhələdə debüt şansı qazanmasından gedir.

Belə ki, Foqts İsraillə matçda (1:1) 1 xal qazanan komandanın start heyətində dəyişiklikləri zəruri sayıb. Əsas qapıçımız Kamran Ağayev yenidən öz mövqeyində çıxış edəcək. Müdafiə dördlüyündə isə 1 dəyişiklik gözlənilir. Rəşad Sadıqov, Maksim Medvedev və Elnur Allahverdiyevlə yanaşı bu xətdə Vladimir Levin də yer alacaq.

"İnter"in milliləşən ukraynalısının heyətə daxil edilməsi daha çox Əli Gökdəmirin "11-lik"dən kənar qalması ilə nəticələnib. Meydanın mərkəzində Aleksandr Çertoqanov, Ruslan Abışov və daha bir yeni ad Rahid Əmirquliyev olacaq. Ötən matçda sonradan meydana daxil olan Əmirquliyevdən fərqli cinahlarda yer alacaq Mahir Şükürovla Vaqif Cavadov yenidən öz mövqelərində qərarlaşacaq.

Hücumda isə Cihan Özkara tək qol ümidimiz olacaq. Əvəzində Branimir Subaşiç və Rauf Əliyev də Gökdəmir kimi heyətdən kənar qalıb.

Elxan
AzNews.az