Fazil Mustafa Fazil Mustafa

Futbolu da şişə çəkib yeyirlər...

Fazil Mustafa


Uzun sürən yaramaz zədələrdən sonra futbola dönüşüm pis alınmadı. Son 5 oyunda 4 qələbə, 1 məğlubiyyət. Siyasi performansımız bədhaxlarımızı narahat etsə də, futbol performansımız daha çox dəyərli dostlarımızı rahatsız edir. Çünki onları hansı aqibətin gözlədiyindən keçmiş təcrübəyə görə xəbərdardırlar. Ancaq ciddi üzüldüyüm bir məsələ var ki, o da tanınmış futbol klublarımızın qısa bir müddətdə iflasa uğramasıdır.

Xüsusilə də "Bakı" fotbol klubunun göz qabağında əriməsi bu barədə ciddi düşünməyə vadar edir. Əvvəllər bu aqibəti Şəmkir, Gəncə, İmişli, Tovuz, Qazax və başqa klublar yaşamışdı. Səbəbi məncə futbola baxışımızdır. Xaricdə on-onbeş iş adamı bir klubu götürüb onun inkişafını təmin edir və buna həm də biznes sahəsi kimi baxaraq pul qazanırlar. Bizdə isə hər klub bir nəfərə həvalə edilir, o nəfər sıradan çıxan kimi, bütün komanda sıradan çıxır. Futbol sosializmdə də vardı, komandalar hərbi strukturkar kimi dövlət tənminatı ilə saxlanılırdı və yaxşı-pis iyarerxiya qorunurdu. Kapitalizmdə isə bazar iqtisadiyyatı modelinə uyğun olaraq klublar nəhəng holdinglər kimi fəaliyyət göstərirlər. Orada da iflas olur, ancaq səbəbi transfer və reklam fəaliyətlərinə yönəlik xərclərin doğru təyinatının olmamasından qaynaqlanır. Azərbaycanda nə sosializmdir, nə də gerçək bazar iqtisadiyyatı var. Ona görə də hansı metodla yanaşılacağı həqiqətən maraq doğurur.

Rayonlarda bir icra başçısı idmanı sevirsə, az-çox yerli kluba diqqət ayrılır. İcra başçısı kababı sevirsə, futbolu da şişə şəkib yeyirlər. Klubların belə rahatlıqla bir günün içində yoxa çıxmasını əngəlləyən qalıcı tədbirlər görülməlidir. Heç bir klub bir nəfərin iradəsindən asılı olmamalıdır. Regionlarda futbolun inkişafına xüsusi diqqət ayrılmalıdır, bu işə qol qoyan sahibkarlara xüsusi imtiyazlar tanınmalıdır. Bu il Naxçıvanın "Araz" omandasının çempionatda olması çox masbət hadisədir, çünki Naxçıvanda fotbolun canlanması həm də bölgənin ölkəmizin idman həyatına inteqrasiyasi baxımından zəruridir. Bütün səmimiyyətimlə "Xəzər Lənkəran"ın və "Qarabağ"ın uğuru olanda xüsusi sevinc keçirirəm. Çünki bölgələrdə insanların sosial həyata qayıdışı üçün bu ciddi bir şansdır.

Dünyanın reallıqları diqtə edir ki, ölkəmizin nüfuzunu artması baxımından bu sahədə ciddi bir irəliləyişimiz olmalıdır. Mən ermənilərlə müqayisə zəminində bu işin aparılmasını doğru hesab etmirəm. Sadəcə pulumuzu bu sahəyə ağılla xərcləsək klublarımızın və futbolçularımızın uğurlarını biz də görə biləcəyik.