Şahmat Olimpiadası 2016-cı ildə Bakıda keçiriləcək

Ümumdünya Şahmat Olimpiadasını Azərbaycandan sonra Gürcüstan qəbul edəcək.

AzNews.az AzərTac-a istinadən xəbər verir ki, FİDE-nin Norveçin Troms şəhərində keçirilən Konqresinin sonuncu günü ən uzun gün olub: bu və ya digər səsvermə ilə bağlı səhər tezdən başlayan prosedurlar axşamdan keçənə qədər davam edib. FİDE-nin vitse-prezidentləri, komitələrin başçıları seçilib, digər təyinatlar olub. 2018-ci ildə Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi hüququ uğrunda səsvermə gecənin kulminasiyasına çevrilib.

Olimpiadaya ev sahibliyi etmək uğrunda Cənubi Afrika Respublikasının Durban və Gürcüstanın Batumi şəhərləri mübarizə aparıblar.

Hər iki ölkənin nümayəndələri qısa təqdimatla çıxış etdikdən sonra Konqresin nümayəndələri səsvermə yolu ilə dörd il sonra ümumdünya şahmat forumunun keçiriləcəyi şəhəri müəyyənləşdiriblər.

Səsvermədə Batumi şəhəri qalib gəlib: onun lehinə 93, əleyhinə 58 səs verilib.

Beləliklə, əsas komanda yarışları yaxın gələcəkdə Cənubi Qafqaz hüdudlarından kənara çıxmayacaq: 2016-cı ildə Olimpiada Bakıda, iki il sonra isə Azərbaycan paytaxtının 900 kilometrliyində - Gürcüstanın kurort şəhəri Batumidə keçiriləcək.

AzNews.az