21:34
(077) 610-22-33

Rəşad Sadıqov: “Bacardığımız budur“

  • >
547 12 Sentyabr 2012 10:11 | İdman

Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun apasport.az saytının Portuqaliyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- DÇ-2014-ün II turunda ilk məğlubiyyətinizi aldınız. Portuqaliyaya 0:3 hesabı ilə uduzduğunuz matç barədə nə deyə bilərsiz?

- Oyunla bağlı fikir bildirmək çətindir. Çünki özümüzdən qat-qat güclü rəqiblə oynayırdıq. Sözün düzü, matçdan öncə Portuqaliyanın belə oynayacağını gözləmirdim. Bəlkə də kənardan belə görünürdü. Topsuz pressinq edirdilər, top olanda çoxsaylı texnikalı hücumlar qururdular. Sol və sağ müdafiəçilər də tez-tez hücuma qoşulurdular. Bunun üçün çox qol epizodları da yaratdılar. Buna baxmayaraq, Kamran Ağayev də yaxşı oynadı. Biz də bacardığımız mübarizəni apardıq. 1:0 hesabı ilə də məğlub ola bilərdik. Ən təəssüf etdiyimiz son 5 dəqiqədə 2 top buraxmağımızdır.

- Onda 0:3 hesablı məğlubiyyət o qədər də ədalətli nəticə deyil?

- Yox, bu da ədalətli nəticədir. Rəqibin çoxlu qol epizodları oldu. Yəni portuqaliyalılar çox yaxşı oynayırdılar.

- Millimizin hücum xətti zəif təsir bağışladı. Rəqib qapısı istiqamətinə cəmi 2 zərbəmiz oldu. Bunu nə ilə əlaqələndirərdiz?

- Rəqibin baş məşqçisinin gəlişindən sonra bu komanda çox dəyişib. Yəni Portuqaliya əvvəl belə oynamırdı. Onların hər biri özü üçün istədiyi kimi futbol nümayiş etdirirdi. İndi demək olar ki, Kriştianu Ronaldodan başqa, bütün oyunçular çox fəal, çox istəkli idilər. 90 dəqiqə qaçdılar, pressinq etdilər və bizə hücum qurmağa imkan vermədilər. Əlimizdən gələni etdik, bacardığımız budur.

- Portuqaliyalı ulduzlara qarşı oynamaq necə idi? Sona qədər mübarizə aparmaq problem yaratmadı ki?

- Biz öz oyunumuzu oynayırdıq. Bəlkə yaxşı nəticə olsaydı, ondan sonra nəsə demək olardı. Sona kimi dözə bilsəydik, yəqin məğlub olmazdıq.

- Berti Foqts matçdan öncə mətbuat konfransında komandamızın bu oyundan nəsə öyrənəcəyini demişdi. Sizcə, o nəyi nəzərdə tuturdu? Portuqaliyaya qarşı oyunda futbolçularımız nə öyrənə bildi?

- Burada söhbət tək futbolçulardan getmir. Bütün futbol ictimaiyyətimiz belə oyunlardan nümunə götürməlidirlər ki, başqa ölkələrdə necə oyunçular yetişir, necə futbol oynayırlar və necə meydançalar var. Biz bu futboldan çox uzağıq. Yəni əlimizdən gələn mübarizəni apardıq, nəticə də real və normaldır. Amma fikirləşirəm ki, ev oyununda biz onlara problem yarada bilərik.

- Onda Rusiya millisi ilə Moskvadakı oyuna da ümidlə baxırsız...

- Bəli. Mən ümid edirəm ki, Rusiya Portuqaliya kimi oynamayacaq. Fikrimcə, ruslara qarşı daha yaxşı çıxış edəcəyik.

AzNews.az
Bağla X