12:22
(077) 610-22-33

U-17 komandamızın baş məşqçisi futbolda möcüzələrdən danışdı

  • >
379 13 Sentyabr 2012 10:29 | İdman

Sissi Rayt ev sahibliyi edəcəyimiz mundialdakı vəziyyətimizi şərh edib



Azerisport.az xəbər verir ki, Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Sissi Rayt komandanı bir araya gətirməsindən, ölkəmizdə keçiriləcək dünya çempionatına hazırlıqdan, eləcə də mundialdakı şanslarından danışıb:

"Mən bu komandanı sıfırdan yığmışam. Çünki yerli qızlar futbolu necə oynamaq lazım olduğunu bilmirdilər. Ola bilsin ki, onlar televizor vasitəsilə bir-iki oyun görmüşdülər. Amma özləri heç vaxt oynamamışdılar. Biz ölkəni səfərə çıxdıq. Maraqlı və istedadlı qızları bir araya gətirməyə çalışdıq. Məktəblərə gedib, müəllimlərdən soruşurduq ki, idman dərsləri zamanı harda futbol oynayırsız? Həmin oyunları daim izləyən qızların olub-olmadığı ilə maraqlanırdıq. Tədricən biz xeyli belə qız topladıq. Onların bəziləri yığmada oynamaq təklifi qəbul etdi və valideynlərinin icazəsini ala bildi".

Raytın sözlərinə görə, o, indiki komandasının üzvlərini 50 uşaq arasından seçib: "Biz ilk kurslara 50 namizəd dəvət etmişdik. Onlarla məşq etdikcə kimin fiziki cəhətdən daha hazırlıqlı, eyni zamanda istedadlı olması ilə maraqlanırdıq. Əgər bu iki amili özündə birləşdirən olurdusa, onları komandaya götürürdük. Beləcə, ilkin təlimlərdən sonra biz onların 34-nü seçdik".

Almaniyalı mütəxəssis bu işin çox çətin olduğunu da bildirib: "Çünki bu ölkədə qadın futbolu ilə bağlı ənənə yox dərəcəsindədi. Azərbaycanda əla şahmatçılar, güləşçilər var. Amma komanda oyunlarında, xüsusilə topla olan bütün oyunlarda vəziyyət bir qədər fərqlidi. İki il öncəyə qədər bizim demək olar ki, heç nəyimiz yox idi. İndi isə vəziyyət bir qədər fərqlidi".

Yığmamızın baş məşqçisi U-17-lər arasında dünya çempionatının Azərbaycanda keçirilməsinə də toxunub: "Azərbaycan bu turnirə ev sahibi seçilən kimi, mən AFFA-nın baş katibi ilə danışdım. Görüş Münhendə baş tutdu. Bu, əsl dəlilik idi. Çünki qadın futbolunda ölkə çempionatı keçirmədiyin halda birdən-birə dünya çempionatını təşkil etmək istəyirsən. Bunun ağılsızlıq olduğunu düşünsəm də, razılığımı verdim".

Sonda Sissi Rayt şanslarından da danışıb: "Biz dünyanın 15 ən yaxşı komandasına qarşı mübarizə aparmalıyıq. Şübhəsiz ki, biz autsayderik. Əgər çempionata uğurla başlamaq istəyiriksə, Kolumbiyanı mütləq məğlub etməliyik. Bizə bir qədər uğur da lazımdı. Nigeriya və Kanada ilə oyunlarımız çox çətin olacaq. Fiziki cəhətdən çox böyük üstünlükləri var. Bizə azacıq möcüzə də lazımdı ki, onlarla mübarizə apara bilək. Hər halda futbolda möcüzələr olur".

AzNews.az
Bağla X