Vermezoviç komandasının problemlərinə də toxunub Vermezoviç komandasının problemlərinə də toxunub

“Partizan”ın baş məşqçisi “Neftçi”dən danışdı

Vermezoviç komandasının problemlərinə də toxunub



AzNews.az xəbər verir ki, sentyabrın 20-də Avropa Liqasının qrup matçında "Neftçi"ni Belqradda qəbul edəcək "Partizan"ın baş məşqçisi Vladimir Vermezoviç Serbiya mətbuatına açıqlamasında rəqib haqqında danışıb.

Bakı komandasını sərt adlandıran baş məşqçi "Neftçi"nin gücünü şərh edib: "Köməkçim Roqiç ötən həftə Azərbaycana getmişdi və "Neftçi"nin ölkə çempionatındakı oyununu izləyib. Özü də həmin oyun derbi oyunu olub. ("Neftçi"-"Xəzər Lənkəran" oyunu nəzərdı tutulur. – red.) Rəqibimiz çox sərt komandadır. Azərbaycan çempionatında çox ciddi rəqibinə qarşı oynamasına baxmayaraq, qalib gəlməyi bacardı. Düzdür, rəqib bütün "kozır"larını açmadığından hələ də onun haqda tam düşünməyə çətinlik çəkirik. Ancaq dördüncü gün hər şeyi biləcəyik".

Vladimir Vermezoviç "Neftçi" ilə qarşılaşmanın vacibliyinə toxunub: "Ola bilsin ki, "Neftçi" ilə ilk turda, özü də evdə qarşılaşmağımız yaxşı oldu. Qrupdakı əsas rəqibimiz "Rubin"di. Onlarla oyuna daha yaxşı əhval-ruhiyyə ilə çıxmağımız üçün "Neftçi"ni məğlub etməliyik. Uğurlu start çox önəmlidir. Başa düşürük ki, bizi necə bir ciddi rəqiblə mübarizə gözləyir. Futbolda hər şey mümkündü. Biz gərək hər oyunda irəli doğru addım ataq".

Rəqibimizin baş məşqçisi komandasındakı problemlərə də aydınlıq gətirib: "Neftçi"nin bizə qarşı bütün gücünü ortaya qoyacağını bilirik. Onu da bilirik ki, rəqib sağlam heyətlə Belqrada gəlir.

Ancaq bizim bəzi problemlərimiz var. Məsələn, Saşa İliç dizindən zədə alıb. Həkimlər çalışır ki, o, oyun gününüə kimi hazır olsun. Saşa oynamasa, bizim üçün ciddi itki olacaq".

AzNews.az