Bayıldakı festivalda qızların dostu çıxış edib

AzNews.az xəbər verir ki, qadın futbolunun təbliği məqsədilə AFFA-nın təşkilatçılığı ilə FIFA-nın bayrağı altında Bayıl stadionunda "Live Your Goals" festivalı keçirilib.

Festivaldan əvvəl təşkil olunan mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov, FIFA-nın Üzv Assosiasiyalar və İnkişaf üzrə direktoru Tierri Begenass, FIFA qadın yarışlarının rəhbəri Tatyana Hayenni, əfsanəvi qadın futbolçular Şirli Kruz və Şteffi Cons, həmçinin 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvü Əminə Heydərova jurnalistlərin suallarını cavablandırıblar.

Festivalın əyləncəli konsert hissəsində rəqs ansamblı və tanınmış müğənni, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev çıxış edib.

Qeyd edək ki, bu, qadın futbolunun təbliğatı məqsədilə keçirilən 6-cı "Live Your Goals" festivalı olub. Buna qədər ilk dəfə 2012-ci ilin mart ayında AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçirilən festival daha sonra apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında Quba Olimpiya İdman Kompleksində, iyulda Şəki şəhər stadionunda, avqust ayında isə Masallı Olimpiya İdman Kompleksində təşkil edilib.

AzNews.az