14:10
(077) 610-22-33

Rafael Ağayev: “Başa düşdüm ki, öz problemlərimi özüm həll etməyin vaxtıdır”- EKSKLÜZİV

  • >
1 014 21 Sentyabr 2012 11:39 | İdman

Bir neçə gün bundan əvvəl məşhur Azərbaycan karateçisi Rafael Ağayevin Rusiyaya getməsi barədə xəbərlər yayıldı. Dəfələrlə dünya və Avropa çempionunun vətəni həmişəlik tərk etməsi barədə müxtəlif şayiələr meydana gəldi.

Müxbirimiz R.Ağayevlə əlaqə saxlayıb bəzi sualları cavablandırmasını istəyib:

- Səsinizi eşitməyə şadam. Bilmirəm xəbəriniz var ya yox, amma burada sizin həmişəlik Azərbaycanı tərk etməyiniz barədə danışırlar.

- Düşünməmişdim ki, Novosibirskə getməyim barədə bu cür əhvalatlar danışacaqlar. Mən məşhur veteran karateçi Veniamin Pakın rəhbərlik etdiyi "Uspex" klubuna getmişdim. Burada heç bir sirr yoxdur- seminarlar keçirəm, məşq edirəm, təcrübəmi bölüşürəm.

-Səhv etmirəmsə, bu, sizin xaricdə ilk seminarınız deyil. Siz əvvəllər də müxtəlif ölkələrdə belə seminarlar keçmisiz...

-Haqlısınız. Seminar keçirmək karate dünyasında normaldır. Bir çox məşhur karate ustalarını müxtəlif ölkələrə dəvət edirlər ki, onlar öz təcrübələri ilə bölüşsünlər. Mən neçə illərdir karate idmanındayam, çoxlu titullarım var və buna görə məni müxtəlif ölkələrə dəvət edirlər. Mən də məmnuniyyətlə təcrübəmlə bölüşürəm.

-Məlumdur ki, pulsuz bölüşmürsünüz...

-Biz XXI əsrdə yaşayırıq, professional idmanı təmsil edirik. Siz bir nəfər də məşhur karate ustası tapa bilməzsiniz ki, o, öz təcrübəsini gənc karateçilərə pulsuz çatdırsın. Mən Azərbaycanı həmişəlik tərk edə biləcəyimi düşünən insanları sadəcə anlamıram. Lakin etiraf edirəm ki, son zamanlar federasiyamızda maliyyə problemləri meydana gəlib ki, bu da bizim nəticələrimizdə özünü göstərir.

-Əvvəllər bu barədə heç kim danışmamışdı. İndi nə baş verir?

-Əvvəllər bizim maliyyə problemimiz olmayıb. Azərbaycan Beynəlxalq Bankı altı il ərzində sponsorluq edib. Əlavə problemlər olmadan məşq etmək və heç nə barədə düşünmədən yarışlara getmək üçün idmançıya nə lazımdır? Məhz Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi bizim problemləri həll edirdi: biz yaxşı təqaüd alırdıq, təlim məşq toplantılarına və yarışlara gedirdik, dünya və Avropa çempionatlarında qələbə qazandıqdan sonra ev və maşınla mükafatlandırılırdıq. Əlbəttə, bu vəziyyət bizim üçün rahat idi, lakin bu həmişəlik davam edə bilməzdi. Onlara hər şeyə görə minnətdaram. Açıq etiraf edirəm, Milli Karate Federasiyasının sponsoru olub-olmadığını bilmirəm. Hesab edirəm ki, bu məsələ ilə çoxdan Gənclər və İdman Nazirliyi məşğul olmalı idi.

-Doğrudanmı bu problemlər ona gətirib çıxartdı ki, siz tədricən idmandan gedirsiz? Məşqçilik karyerası ilə məşğul olursunuz və seminarlara gedirsiz?

-Mən başa düşdüm ki, öz problemlərimi özüm həll etməyin vaxtıdır. Mən böyük idmanda ilk addımlarını atan gənc deyiləm. Neçə illərdir dünya arenasında çıxış edirəm və karyeranın digər pilləsinə keçmək vaxtıdır. Düşünmürəm ki, idmandan başqa bir işlə məşğul ola bilərəm. Buna görə də məşqçilik karyerası ilə məşğul olmaq qərarına gəldim. Artıq öz tələbələrimi Avropa və dünya birinciliklərinə hazırlayıram. Şəxsi karyerama gəldikdə, nə qədər ki, gücüm var, çıxış edəcəm. Müxtəlif seminarlara da gedəcəm.

Elza
AzNews.az
Bağla X