“Qarabağ” bizim üçün “Kosovadır” “Qarabağ” bizim üçün “Kosovadır”

Saşa Stamenkovic: “Cəmi bir ildən sonra Azərbaycan futbolunun səviyyəsi ən az 30 faiz qalxacaq” - FOTO

“Qarabağ” bizim üçün “Kosovadır”



"Neftçi"nin qapıçısı Saşa Stamenkoviçin AzNews.az-a eksklüziv müsahibəsi:
2004-cü ildə professional karyeraya başlayan, 27 yaşlı qapıçı Saşa Stamenkoviç qısa bir müddətdə Azərbaycanda olmasına baxmayaraq, bizimlə "dil tapmağı" bacaran, qərbli diplomat sayağı təbəssümü və bizim üçün çox hündür sayılan boyu ilə tam bir Avropa futbolçusudur. Xarici dillə problemləri olsa da, fikirlərini çatdırmağa çalışır...


-Bilirsiz Azərbaycanda futbolçuları o qədər də yaxşı tanımırlar. Xüsusilə də qapıçıları. Biz də hücumçuları sevirlər. Özünüzü təqdim edin.

-Saşa Stamehkoviç. 27 yaşım var. Neftçinin qapıçısıyam. Çox çətindir qapıçı olmaq.

-Nə vaxtdan Azərbaycandasınız?

-15 aydır ki, buradayam.

-Azərbaycanla əvvəl tanış olmusuz, yoxsa azərbaycanlılarla?

-Azərbaycanlılarla tanışlığım ölkənizlə tanışlıqdan daha əvvəl başlayıb. İlk dəfə bir azərbaycanlı ilə Polşada çempionat zamanı tanış olmuşdum. Onun adı indi yadımda deyil. Səhv eləmirəmsə, ikinci liqada oynayırdı. Onunla Azərbaycandakı futbol barədə danışırdıq.

-Həmin futbolçunun sizin Azərbaycana gəlməyinizdə rolu olub?

-Xeyr onun rolu olmayıb. Sadəcə o məni Azərbaycan futbolu ilə qiyabi tanış etdi. Sonra məni "Neftçi"dən axtardılar. Deyim ki, Azərbaycan futbolu ilə qiyabi tanışlığım mənə qərar verməkdə kömək oldu.

-Serbiyada hansı komandada oynamısız? Həmin komanda hansı yerdədir?

-Mən 3 il "Srvena Zvezda" komandasında oynamışam. Burada Neftçi nədirsə, Serbiyada da "Srvena Zvezda" odur.

-Sizin oyun zamanı dalaşdığınız barədə mətbuatda məlumat yayıldı. Bu nə dərəcədə doğrudur?|

-Bu, doğru deyil. Çünki mən ümumiyyətlə, dalaşqan deyiləm. Azərbaycanda isə ümumiyyətlə, belə hal olmayıb. Hətta anlaşılmazlıq belə olmayıb.

-Bəlkə Serbiyada belə hallar olub, ona görə yazırlar?

-Mənim şəxsən olmayıb. Ancaq Serbiyada belə hallar olur. Orada futbolçular da, azarkeşlər də Azərbaycanla müqayisədə çox dəlisovdurlar. Təhqiramiz sözlər işlədirlər, oyunçular arasında dava düşür. Serbiyanın "Partizan" klubu ilə oynayanda mənim serb olmağım azarkeşlərin xoşuna gəlməmişdi. Tribunada ünvanıma xoş olmayan ifadələr işlənib, amma mən eşitməmişəm. Mən professionalam. Bunu da nəzərdə tuta bilərlər.

-Komanda daxili münasibətlər necədir?

-Çox yaxşıdır. Mən Serbiyada birinci liqada qərarlaşan 3-4 komandada oynamışam. Burada komanda daxili münasibət tamam başqadır. Bir ailə kimidir. Dostuq bir birimizlə. Bunu mənə gəlməmişdən qabaq demişdilər. Gəldim gördüm ki, həqiqətən də belədir.

-Siz yaxşı qapıçısınız? Azərbaycanda yaxşı qapıçılar kimlərdir?

- Qapıçının işi doğurdan çətindir. Məsələn komanda 3 qol vurur, amma bir qol buraxanda fəlakət olur. Bax ona görə çətindir. Yaxşı qapıçıyam( gülür). Azərbaycanda yaxşı qapıçılar çoxdur. "Neftçi"də məndən öncə də yaxşı qapıçılar olub. Digər komandalarda da yaxşı qapıçılar var.

-Nə qədər qazanırsız?

- Bilirsiz, mən rus dilini çox pis bilirəm. Ukraynalı agentim var belə məsələləri mənim əvəzimə o həll edir. Ona görə cavab verə bilməyəcəm.

-Yaxşı, bəs burda çox qazanırsız, yoxsa Serbiyada daha çox idi?

-Bilirsiz, Serbiyada indi krizdir. Futbola o qədər də böyük pul ayrılmır. Ona görə də yaxşı oyunçuların əksəriyyəti legioner kimi başqa ölkələrə gedirlər. Amma aldıqları pulla dolana bilirlər.

-Azərbaycan futbolunun səviyyəsi sizi qane edir?

-Azərbaycanda Avropa futboluna baxırlar, o səviyyədə oyun, komanda istəyirlər. Onu deyə bilərəm ki, cəmi bir ildən sonra Azərbaycan futbolunun səviyyəsi ən az 30 faiz qalxacaq. Yaxşı komandalar yetişir. Büdcələri də var.

-Hansı komandalarla oyunlarınız gözlənilir? Qalib gələ biləcəksinizmi?

-Sumqayıtla oynayacağıq. "İnter" oktyabrın 4-ü Bakıya gəlir. "Rubin"lə, "Partizan"la oynayacağıq. Azərbaycanlılar mübarizdir. Biz bərabər səviyyədə mübarizə aparacağıq. Uğur bizdən yana olsa, qalib gələrik. Əsas odur ki, Avropaya çıxdıq.

-"Partizan"la oyun yəqin ki, sizin üçün çətin olacaq- Serb komandasıdır...

-Hə yəqin elə olacaq. Serb azarkeşlər mənim əleyhimə fikirlər səsləndirəcəklər, psixoloji basqılar olacaq. Belə olur.

-Azərbaycanda nədə çətinlik çəkirsiz, problemləriniz yaranır?

-(Gülür) Tıxacda qalıram. Bəzən ona görə məşqə gecikirəm. Olub tıxacda 3 saat qalmışam.

-Burada nə qədər qalacaqsınız?

-Müqavilə 2+1 il şəklində bağlanıb. Dəqiq bilmirəm . Müqavilə bitdikdən sonra baxarıq. Həm də mənim əvəzimə bu məsələlərlə məşğul olan agentim var.

-Azərbaycanda "Neftçi"dən başqa hansı komanda da oynamaq istərdin?

-Bu haqda fikirləşməmişəm. Əsas fikrimi məşqlərə yönəltmişəm. Bütün komandalar yaxşıdır. "Qarabağ" yaxşı komandadır bu komandanın Azərbaycan üçün önəmini də bilirəm. "Qarabağ" bizim üçün "Kosova"dır. Bu komandanın uğur qazanmasını istəyirəm. Hətta biz onlara uduzanda, mən soyunma otağına gedib onların əlini sıxdım, təbrik elədim. "Xəzər-Lənkaran", "Bakı" güclü komandalardır, güclənirlər.

Sadiq Musa
AzNews.az
image description image description image description