Seçki toplantısına dəvət olunan jurnalistlərin siyahısı aranı qatdı Seçki toplantısına dəvət olunan jurnalistlərin siyahısı aranı qatdı

Çingiz Abdullayev “Neftçi”nin sədri seçildi və... qalmaqal başladı

Seçki toplantısına dəvət olunan jurnalistlərin siyahısı aranı qatdı



Elçin Cəlilov: "Bu toplantıya hansısa qeydiyyat yox idisə, niyə əməkdaşımız içəri buraxılmadı?"

Məlum olduğu kimi, 31 martda Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda "Neftçi"nin Müşahidə Şurasının tərkibi təsdiqlənib.

İclasdan sonra jurnalistlərə açıqlama verən şirkətin rəhbəri, AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin yaradıldığını və Müşahidə Şurasının da həmin qurumun tərkibində fəaliyyət göstərəcəyini deyib.

AFFA prezidenti xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, rejissor və aktyor Bəhram Bağırzadə, futbol veteranları Səməd Qurbanov, Mübariz Zeynalov, SOCAR-ın vitse-prezidentinin müavini Cəbrayıl Məmmədov, "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov və SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanovun şuranın üzvləri təyin olunduğunu açıqlayıb.

Bundan əlavə klubda prezident və vitse-prezident vəzifəsi ləğv olunub. Şuranın qərarı ilə icraçı direktor vəzifəsi təsis olunub. Bu vəzifəyə "Neftçi"nin vitse-prezidenti olmuş Elnur Məmmədov təyin edilib.

Bununla da "Neftçi"nin idarəetməsi tam olaraq Müşahidə Şurasında olacaq.
Amma seçki toplantısı baş tutan dəqiqələrdə idman mediasında da bir gərginlik müşahidə olundu. Məlum oldu ki, tədbirə bəzi idman yazarlarını dəvət etmədikləri, daha doğrusu, adları siyahıda olmadığı üçün tədbirə buraxılmayıblar. Bunlardan biri də futbolpress.az saytının əməkdaşı olub. Bu barədə saytın baş redaktoru Elçin Cəlilov musavat.com-a məlumat verib: "SOCAR-da "Neftçi"nin prezidenti seçilir, nədirsə adı, klub olaraq, hələ heç bunun adını konkret ortaya doğru çıxarda bilməyiblər. Seçki toplantısıdırsa, hər nədirsə, əməkdaşımız gedib; - oradan deyiblər ki, buraxılmırsız. Niyə? İçəridə isə 10-15 KİV-in olduğu deyilir. Bizim sayt niyə buraxılmır? Bu toplantıya hansısa qeydiyyat yox idisə, onda niyə buraxılmır? Buraxılmırsa, səbəb niyə bildirilmir? Bəs içəridəkilər hansı şərtlə, nə əsasla buraxılıb? Gündüz Abbaszadəyə ("Neftci"nin mətbuat katibi) zəng vururam, telefonu sönülüdü. Mətbuat xidmətinin rəhbəriylə indi əlaqə qurmaq olmursa, başqa vaxt neynirəm... Ümumiyyətlə, məncə, Gündüz ordan istefa versin. Adam çoxdandı klubdakı funksiyasını yerinə yetirməli məqamda funksiyası sıfıra enir. Sadıqın oğludu yenə rəhbər orda?! Anlamadım... bu nə davranışdı?"



E.Cəlilov dedi ki, daha sonra G.Abbaszadə ilə əlaqə yarada biliblər.. Mətbuat xidmətinin rəhbəri ona seçki toplantısına dәvәt edilәn mәtbuat siyahısından xәbәrim olmadığını bildirib. Müsahibimiz bizə açıqlamasında Ç.Abdullayevin təyinatına da münasibət bildirdi: "Çingiz Abdullayevin "Neftçi"yə prezident təyin olunması xəbəri çıxan kimi sürətlə də yayıldı. 15-20 dəqiqə sonra bütün KİV-lərin manşetində bu xəbər idi. Açığı, tərəddüd içində, bu xəbərə klubdan rəsmi münasibət gələnə qədər inanmırdıq. Sonra AYB-dən məlumatı təkzib eləmədilər. Daha sonra klub saytında təkzib tipində məlumat çıxdı. Ancaq Çingiz Abdullayevin özü ilə yalnız bu gün əlaqə saxlaya bildik və məlum oldu ki, belə bir məsələ var. Haradasa, məsələ reallaşmağa yaxındı. Niyə Çingiz Abdullayev - sualına cavab vermək çətindi. Onu bilirik ki, Abdullayevin futbola marağı var və bu idman növündən anlayışı yox deyil. Ancaq dünya səviyyəli yazıçının bir futbol klubuna prezident təyin olunması dünya praktikasında olmayıb. Çox ekzotik məqamdı. Ümumiyyətlə isə Çingiz bəyin hazırkı futbol klubları rəhbərlərindən futbolu daha yaxşı bildiyini düşünürəm. Onsuz futbol hökumətimizin də futbola aidiyyatı yoxdu. Heç olmasa, detektiv yazar gələr və bəlkə ölkədə ən çox "pul yuyulan" bir sahədə bəlkə ifşalar çıxar ortaya. Hər halda, obrazlı fikirdir".

Sevinc, müsavat.com
image description