21:27
(077) 610-22-33

Boksçularımızın rəqibləri məlum oldu

  • >
1 249 5 Oktyabr 2015 19:52 | İdman

Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.


AzNews.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, dünya çempionatının debütantı Rüfət Hüseynov (49 kq) yarışın ilk günündə rinqə çıxacaq. Həmyerlimiz mərakeşli İmad Ahyounla qarşılaşacaq.

52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ilk mərhələdə ciddi sınaq qarşısında olacaq. Həmyerlimiz oktyabrın 9-da Azat Useynaliyev (Qazaxıstan) – Hamza Touba (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. E.Məmişzadə Avropa Oyunlarında Touba üzərində qələbə qazanmışdı.

Dünya çempionatının debütantı Tayfur Əliyev də ( 56 kq) mübarizəyə ikinci mərhələdən başlayacaq. Boksçumuz oktyabrın 8-də İderhuu Enkhjarqnil (Monqolustan) – Joze Dias Azokar (Venesuela) görüşünün qalibi ilə üz-üzə gələcək.

Dünya və Avropa çempionu Albert Səlimov (60 kq) ilk görüşünə oktyabrın 9-da çıxacaq. Millimizin üzvü ya meksikalı Lindolfo Delqado Qarza ilə, ya da irlandiyalı Sean Maccombla görüşəcək. Qeyd edək ki, A.Səlimov Avropa Oyunlarında İrlandiya boksçusunu məğlub edib.

Lorenzo Sotomayor (64 kq) yarışın ilk günündə rinqə çıxacaq. Boksçumuz 1/32 final mərhələsində Kanadanı təmsil edən Artur Biyarslanovla döyüşəcək.

Avropa Oyunlarının qalibi Pərviz Bağırov dünya çempionatında mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. O, Marvin Kabrera Verqara (Meksika) – Lester Martinez Tut (Qvatemala) cütünün qalibi ilə görüşəcək.

İki dəfə dünya çempionatlarının mükafatçısı olmuş Teymur Məmmədov (81 kq) ilk qarşılaşmasını oktyabrın 9-da keçirəcək. Təcrübəli boksçumuz Abdelrahman Salah Orabi (Misir) – Pavel Silyagin (Rusiya) döyüşünün qalibini sınağa çəkəcək. T.Məmmədov Avropa Oyunlarında Silyagin üzərində inamlı qələbə qazanıb.

Dünya çempionatının daha bir debütantı Abdulqadir Abdullayev (91 kq) isə ilk görüşünü 1/8 final mərhələsində keçirəcək. Millimizin üzvü Paul Ombo Bionqolo (Fransa) – Çouaib Bouloudiants (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.
Bağla X