17:44
(077) 610-22-33

Saxta dollar tələsinə necə düşməyək?

  • >
5 417 7 May 2016 11:02 | İqtisadiyyat

Son aylar Azərbaycanın dollar bazarında durğunluq var. Məlumdur ki, valyutadəyişmə məntəqələrinin sürətlə qapanması insanların dollara olan ehtiyacını qara bazar vasitəsilə ödəməsinə səbəb olur. Məhz bu məqamda aldanmalar, dollar alverçilərinin tələsinə düşənlər çoxluq təşkil edir.


Son bir neçə ayda dəfələrlə "saxta dollar alverçiləri yaxalandı" xəbərləri ilə tanış olmuşuq. Təəssüf ki, hazırda problemin qarşısının alınması imkanları da çox məhdud və yox səviyyəsindədir. İnsanlar dollar alan zaman mübadilə proseslərini rəsmiləşdirmədən, kassa qəbzləri olmadan valyutanın saxta olub-olmadığını yoxlamağa imkan tapmır.

Dəyişdirdiyi dolların saxta olduğunun fərqinə vardığı anda isə bunu kimdən, necə aldığını sübut etmək çətin olur. Hazırda valyuta bazarında baş verən proseslər ölkədə saxta dolların artması ehtimalını gücləndirir. Dünya praktikası da göstərir ki, istənilən ölkənin böhran dövrlərində saxta valyuta satışı artıb. Proseslər qeyri-leqal getdiyinə, insanlar təsadüfi proseslərin içərisində olduğuna görə böyük əksəriyyət bu prosesdə uduzur.
Saxta dolları həqiqisindən necə ayırmalı?

Yaxşı bəs saxta dolları həqiqisindən ayırmağın yolları nələrdir? Saxta əsginaz ilk növbədə, görünüşünə görə əsl puldan fərqlənir. Saxta əsginazlarda rəng əsasən solğun olur. Pulun ölçüsü orijinaldan fərqlənir. Bundan başqa, mühafizə elementlərində də fərq hiss edilir.
Əsginazların mühafizə elementləri təkmilləşdikcə saxta əsginaz fırıldaqçıları da texnologiyaları təkmilləşdirirlər. Buna görə bəzən saxta əsginazı adi gözlə müəyyən etmək çətin olur.

Bu zaman xüsusi ultrabənövşəyi işıq altında pulun həqiqiliyini görmək mümkün olur. Belə ki, bu cür şüa əsl pulun gizli nişanlarını göstərdiyi halda saxta pulda bu, olmur. Müşahidələr göstərir ki, Azərbaycanda daha çox manat və ABŞ dolların saxtalaşdırılmasına rast gəlinir. Bu pulları vətəndaşlara vermək üçün isə xüsusi yerlər seçilir.

2015-ci ildə dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 45 faiz saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Bunu daxili işlər naziri Ramil Usubov bu il yanvarın 26-da Daxili İşlər Nazirliyinin yeni istifadəyə verilmiş konfrans zalında 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 71 min manat, 79.100 ABŞ dolları və 225 min rubl olan 2167 ədəd saxta əsginaz, habelə istifadə müddəti ötmüş 6 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Dolların "mətbəx"ində "qazanlar" necə qaynayır?

Amerika dolları Birləşmiş Ştatlarda olduğu kimi, dünyada da geniş istifadə olunur. Ona görə də olduqca vacibdir ki, onun etibarlılığı və unikallığı qorunsun. Bu vəzifə 150 ildən artıqdır ki, Amerika əsginazlarını çap edən hökumət agentliyinin üzərinə düşür. "Amerikanın səsi" bununla bağlı hazırladığı xəbərdə ilginc detallara toxunub. Birləşmiş Ştatlar milyonlarla dolları hər gün həm Vaşinqton şəhərində, həm də Texasda yerləşən obyektlərdə çap edir. Bunlar dünyanın pul çap edən ən böyük müəssisələridir. Çap bürosu Abraham Linkolnun prezidentliyi dövründə 1862-ci ildə, Vətəndaş Müharibəsi zamanı yaradılıb.

Büronun direktoru Larri Feliks Birləşmiş Ştatlarda əsginazların çapından danışır. "Bu kağızın üzərində sadə mürəkkəbə bənzəyir. Lakin bu əsginazların çap sistemi xeyli mürəkkəbdir. Çağın ilk mərhələsində arxa rəng tətbiq olunur. Bundan sonra kağız əvvəlcədən çəkilmiş qravürlərin üzərinə sıxılır. Bu, "İntalio" texnikasıdır ki, kağıza xüsusi keyfiyyət verir. "Birləşmiş Ştatlar başqa ölkələrlə müqayisədə "intalio"dan daha çox istifadə edirik, Pulun həm qarşı, həm də arxa hissəsinə yerləşdiririk" - deyə, Larri Feliks bildirir.

Belə olan halda əlavə sıra nömrələri və möhür də olur. "Beləliklə, biz insanlara bu əsginazların qanuni olduğunu anlamalarına yardım edirik. Biz əsginazlarda rəqəmsal texnologiya baxım təhlükəsizliyi təmin etməyə çalışırıq".

Rozi Rios Birləşmiş Ştatların xəzinədarıdır. O, Birləşmiş Ştatlar valyutasının başqa valyutalarla müqayisədə bir çox üstünlüklərinin olduğunu deyir. O, pul istehsalı ilə məğul olan hər iki təşkilata, "Çap və Qraviasiya Bürosu" və qəpik istehsal edən ABŞ Sikkə orqanına birbaşa nəzarət edir.

Rosi Rios saxta pulların dövriyyədə az qalmasına baxmayaraq, Amerika hökumətinin yeni texnologiyadan istifadə edərək, əsginazları yeniləməkdə davam etdiyini deyir. O, buna misal olaraq bu yaxınlarda çapdan çıxan yeni 100 dolları göstərir. "2013-cü ilin oktyabr ayında çıxan 100 dollarlıq əskinazda əsas məqam, buradakı mavi 3D təhlükəsizlik lentidir".

Bu dizaynı unutmayın - 1928-ci ildə təsdiqlənib

Dollar əsginazının görünüşü tarix və əfsanəvi hadisələrin paradoksal şəklidə qarışdırılması nəticəsində yaranıb. əsginazların dizaynında bəzi elementlər çox vaxt mason və ya mifik simvollar kimi başa düşülür. Hansısa mənada bu iddialar haqlıdır. Belə ki, ABŞ-ın əsasını qoyanların əksəriyyəti mason olub və bu gün də Birləşmiş Ştatlarda mason lojaları müfəvvəqiyyətlə işlərini davam etdirirlər. Hazırda mövcud olan dollar əsginazlarının başlıca dizaynı 1928-ci ildə təsdiqlənib.

Əsginazlarda ABŞ-ın dövlət xadimlərinin portretləri əks olunur: ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun portreti 1 dollarlıq əsginazı, üçüncü prezident Tomas Cefferson 2 dollarlıq, ABŞ-ın 16-cı prezidenti Şimal və Cənub müharibəsinin qalibi Abraam Linkoln 5 dollarlıq, ABŞ-ın əsasını qoyanlardan olmuş və ilk maliyyə naziri Aleksandr Hamilton 10 dollarlıq, ABŞ-ın yeddinci prezidenti və müasir dolların yaradıcılarından olmuş Endrü Cekson 20 dollarlıq, ABŞ-ın 18-ci prezidenti və vətəndaş müharibəsinin qəhrəmanı Uillis Qrant 50 dollarlıq, alim, publisist və diplomat Benjamin Franklin 100 dollarlıq əsginazda əks olunub.

Vaxtilə buraxılmış 10 minlik əsginaz üzərində isə Linkoln dövründə maliyyə naziri və sonradan Ali Məhkəmənin rəhbəri olmuş Selmon Ceyz Amerika pulları üzərində "Biz Tanrıya inanırıq" yazısının dərc edilməsi qərarını vermişdi. Bu kəlmə ilk dəfə 1864-cü ildə 2 sentlik sikkələr üzərində, 1957-ci ildə ilk dəfə kağız əsginazlar üzərində həkk edilməyə başlamışdır. 1963-cü ildən bəri isə daimi olaraq istifadə olunmağa başlanıldı.

1864-cü ildə ABŞ Konqresinin qəbul etdiyi qanuna əsasən, Amerika valyutası üzərində sağ olan şəxsin portretinin dərc edilməsi qadağan edildi. Bu qanun maraqlı bir tarixi hadisə ilə əlaqələnir: məsələ bunda idi ki, dollar istehsalı ilə məşğul olmağa ilk dəfə olaraq başlamış Valyuta Bürosunun rəhbəri Spenser Klark 5 sent məbləğində olan əsginazlara öz portretini həkk etdirmişdi. Əslində bu təcrübə bir o qədər də qeyri-adi görünməzdi. Belə ki, artıq əsginazlar üzərində fəaliyyətdə olan məmur Ceyzin portreti dərc edilmişdi. Məsələ isə bunda idi ki, tezliklə Klarkın adı əxlaqsızlıq fəaliyyətlərində hallanmağa başlayır. Belə olunca, Amerika dollarını çirkinlikdən mühafizə etmək üçün Konqres belə bir qanunu qəbul edir.

Əsginazın əks üzündə isə ABŞ tarixini əks etdirən və ölkənin simvolu hesab olunan tarixi məkanlar təsvir edilib. Kifayət qədər az rast gəlinən 2 dollarlıq əsginazlarda Müstəqillik Deklarasiyasını imzalayan qəhrəmanların birgə durduğu məkan, 5 dollarlıq əsginazlarda Linkolnun Vaşinqtonda yerləşən Memorialı, 10 dollarlıqda ABŞ Maliyyə Nazirliyinin binası, 20 dollarlıqda Ağ Ev, 50 dollarlıqda Kapitoliy, 100 dollarlıq əsginazda isə ABŞ Müstəqillik Bəyannaməsinin imzalandığı "İndependens Holl" (İstiqlal Qülləsi) təsvir edilib.

Bütün dollar əsginazları ABŞ maliyyəsinə cavabdeh olan məmurların imzasının tam surəti ilə əks etdiriliblər. Əvvəllər bu imzalar real insanların həqiqi imzaları olurdu.

Musavat.com
Bağla X