Türklər Hacı İbrahimlə razılaşdı

"Avesta" Konserninin prezidenti Hacı İbrahim İbrahimovla Türkiyənin "İhlas Holding" Şirkətlər Qrupunun vitse-prezidenti Hasan Alsancak arasında Bakıda ilkin razılıq əldə olunub.

Xəzərin Azərbaycan sektorunda həyata keçirilən "Khazar Islands" (dənizdə şəhər) layihəsinin beynəlxalq məkanda reklam kampaniyası ilə Türkiyənin "İhlas Holding" Şirkətlər Qrupu məşğul olacaq.

AzNews.az-ın məlumatına görə, artıq bu barədə "Khazar Islands" layihəsinin icraçısı olan "Avesta" Konserninin prezidenti Hacı İbrahim İbrahimovla Türkiyənin "İhlas Holding" Şirkətlər Qrupunun vitse-prezidenti Hasan Alsancak arasında Bakıda ilkin razılıq əldə olunub. Razılığa əsasən, 100-dən artıq şirkətin, o cümlədən Türkiyənin TGRT telekanalının daxil olduğu "İhlas Holding" "Avesta" Konserni ilə reklam, marketinq-ticarət, satış və inşaat sahələrində əməkdaşlıq edəcək.

"Avesta" Konserninin prezidenti Hacı İbrahim İbrahimov bu əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq qısa vaxtda daha da genişləndiriləcək: "Reklam, marketinq-ticarət, satış və inşaat sahələri üzrə Türkiyənin böyük təcrübəsi var. Bu baxımdan da biz türkiyəli mütəxəssislərlə çalışmaq qərarına gəldik. Düşünürəm ki, türkiyəli mütəxəssislərin bu təcrübəsindən Azərbaycan da yararlana biləcək".
"Khazar Islands" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələyə də toxunan İ.İbrahimov qeyd edib ki, "Xəzər adaları" şəhərinin salınması üçün nəzərdə tutulan ərazilər tam sənədləşdirilib.

Türkiyənin "İhlas Holding" Şirkətlər Qrupunun vitse-prezidenti Hasan Alsancak isə bu əməkdaşlıqdan məmnun olduğunu söyləyib. Onun sözlərinə görə, "Khazar İsland" Azərbaycanı dünyaya tanıtdıran ən möhtəşəm layihədir. İndiyədək nəinki Türkiyədə, o cümlədən dünyada belə layihələrin çox az olduğunu vurğulayan H.Alsancak qeyd edib ki, artıq "Xəzər adaları" layihəsi tanınmış türk iş adamlarının da diqqətini çəkib. H.Alsancak deyib: "Mən bu layihə ilə yaxından tanış olmaq üçün Bakıya səfərə gəldim və Hacı İbrahim burada məni çox yaxşı qarşıladı. Güman edirəm ki, bu bizim birgə əməkdaşlığımız üçün də yaxşı zəmin yaradır. Biz bu layihəni dünyada tanıtdırmağa çox maraqlıyıq və bizim kimi onlarla tanınmış şirkətlər də buna maraq göstərirlər. Biz Hacı İbrahimlə yaxından əməkdaşlıq etmək istəyirik. Əməkdaşlığımızın perspektivlərini çox parlaq görürəm".

Hacı İbrahim İbrahimov Bakıda səfərdə olan "İhlas Holding" Şirkətlər Qrupunun vitse-prezidenti Hasan Alsancakı "Khazar Islands" şəhərinin inşası işlərinin gedişatı ilə yaxından tanış edib.
Xatırladaq ki, "Khazar Islands" layihəsinə xarici investor və şirkətləri baş ofisi Brüsseldə (Belçika) yerləşən Avropa İqtisadi, Ticarət və Sənaye Palatası (European Economic Chamber of Trade, Commerce and Industry) cəlb edir.

"Khazar Islands" layihəsinə indiyədək 1,2 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb. Artıq layihə çərçivəsində dənizdə 300 ha sahə doldurulub. Hazırda 12-dək binanın tikintisi gedir, onların arasında 10, 22 və 25 mərtəbəli binalar var. Artıq bəzi binalarda tikinti işləri 10-cu mərtəbəyə çatıb. Bu binaların inşası 2013-cü ilin sonunda başa çatacaq, 2014-cü ildə isə burada yaşayış başlanacaq.

Layihə çərçivəsində tikinti işləri mərhələlərlə aparılacaq və 1-ci mərhələdə 5,5 mln. kv. m sahənin tikintisi nəzərdə tutulub. Artıq 200 min kv. metr sahənin tikintisi başlanıb və işlərin 40%-i yerinə yetirilib. İşlər sürətlə aparılır və bu ilin sonunadək tikinti işləri 500 min kv. metr sahəni əhatə edəcək. Gələn ildən isə tikinti işlərinin aparıldığı sahə hər il 1,5 mln. kv. metr artmalıdır ki, 1-ci mərhələ nəzərdə tutulduğu kimi 2016-cı ildə başa çatsın.

Paralel olaraq şəhər infrastrukturu da qurulur. Layihə çərçivəsində yaradılan adaların sahil xəttinin abadlaşdırılması, yeni bulvarların tikintisi aparılır. İndiyədək 4 km-lik bulvar tikilib. Ümumilikdə, ilk mərhələdə 20 km-lik bulvarın və 20 körpünün tikintisi nəzərdə tutulur.

Artıq ilk körpünün tikintisi başa çatmaq üzrədir: 274 metr uzunluğu olan körpünün aşırımı 76 metrdir ki, bu da respublikada ən böyük göstəricidir. Körpünün tikintisi fransalı mütəxəssislərlə birgə həyata keçirilir.
Bundan başqa, şəhərdə kommunikasiya və infrastruktur layihələri həyata keçirilir, şəhərə su çəkilir, elektrik xətləri isə artıq çəkilib. Şəhərin girişində hər biri 5 ha olan 2 böyük park salınır. Artıq burada yaşıllaşdırma işləri gedir. Parkların birində 3 stadion və digər idman qurğuları, digər parkda isə uşaq əyləncə qurğuları tikiləcək.
Şəhərdə nəzərdə tutulan 8 yeraltı keçiddən birincisinin tikintisinə başlanıb, 7 km uzunluğunda asfalt yol çəkilir.

Bundan başqa, şəhərdə 10 restoran tikilməlidir. Layihədə ilk obyektlərin açılışı may ayına, çimərlik mövsümü ərəfəsində nəzərdə tutulub. Həmin vaxt işə düşən restoranlarla yanaşı, min nəfərlik çimərlik də fəaliyyətə başlayacaq. Bu çimərlik demək olar dənizin ortasında, sahil xəttindən 2,5 km məsafədə yaradılacaq. Artıq bir neçə böyük hovuzun tikintisi, qum qatının yaradılması işləri də başa çatıb. "Khazar Islands"ın yeni şəhərin icra hakimiyyətinin təməli də may ayında qoyulacaq.

Vasif Həsənli
AzNews.az