Bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır.

Çayçılığın inkişafına geniş imkanlar yaradılır - Foto

Bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır.

Kimin ağrıyır canı, bol çay içsin, mərcanı...
Min bir dərdin dərmanı - çay!.

Çayın özü qədər populyar olan mahnını təsadüfən xatırlamadım. Bu gün çay içənlərin, çayı sevənlərin, onu əkib becərənlərin günüdür. Dünya 2004-cü ildən 15 dekabrı Beynəlxalq çay günü kimi qeyd edir. Vətəni Cənub Qərbi Çin olsa da, hazırda dünyanın hər yerində ,cənub-şimal-fərqi yoxdur, çay ən çox içilən içkidir. Sudan sonra ən çox içilən çay azərbaycanlıların süfrəsində şəriksiz liderdir. Tərkibində 130-dan artıq xeyirli maddə olan çay bu gün dünyada ən cox tələbat duyulan, zəruri və strateji ərzaq məhsulu olduğundan qiyməti dünya bazarında gündən-günə artır.

Azərbaycanda çay deyəndə, ilk yada düşən Lənkəran olur. Çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilərək təcrübə məqsədi ilə əkilib. Sonralar bu sahə rentabelli olduğundan əkin sahələri genişləndirilib və 1937-ci ildə Lənkəranda ilk çay emalı müəssisəsi tikilib. Ötən əsrin son on illiyinə kimi bu sahə rayonda iqtisadiyyatın aparıcı sahəsi olub. 36 min hektar sahədən 34 min tondan çox çay istehsal edilib. Keçmiş SSRİ-nin 300 milyonluq əhalisinin çaya olan tələbatının təqribən 10%-ni Azərbaycan ödəyib.Təkcə Lənkəranda 15 çay emalı müəssisəsi fəlaiyyyət göstərib. Lənkəran çayı 1981-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən müsabiqədə "Azərbaycan buketi" mükafatına və qızıl medala layiq görülüb. Keçmiş ittifaq və planlı təsərrüfat dağıldıqdan sonra bu sahə də uzun illər ərzində tənəzzülə uğrayıb.

Hazırda vəziyyət necədir? Bu sorğuma Lənkəran Şəhər İcra Hakimiyyətindən aldığım cavab nikbinliyə əsas verir. Hazırda Lənkəranda mövcud olan 611 hektar çay sahəsinin 351 hektarının son 2-3 ildə salınması çayçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində başlanan işlərin ilk nəticələrinin uğurlu olduğundan xəbər verir. Başa çatmaqda olan 2017-ci ildə rayonda çay istehsalı artaraq 242 tona çatıb. Ölkə başçısı İlham Əliyev bu il sentyabrın 2-də Lənkərana səfəri çərçivəsində çayçılarla görüşündə bu sahəyə xüsusi diqqət yetirib.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Statistikaya görə, Azərbaycanda çay istehsalının 91 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq. Bu sahədə çalışan sahibkarlara ümumilikdə 10,7 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində 450 nəfər işlə təmin olunub. Çayçılığın inkişafı isə həm yeni iş yerlərinin açılması,həm də ölkənin ixrac potensialının artması deməkdir. Hazırda ölkəmiz əhalinin çaya olan tələbatını ödəmək üçün külli miqdarda vəsait ödəyir.

Qeyd edək ki, dekabrın 5-də “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 841-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Esmira İsmayılova
Lənkəran