Kərəm Həsənov özəlləşdirmə statistikası açıqladı

Berlində Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

"Media forum" saytına verilən məlumata görə, memorandumda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi, investorların özəlləşdirmə prosesinə cəlb edilməsi əməkdaşlıq istiqamətləri kimi müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov imzalanma mərasimindən sonra müzakirələrdə çıxış edib. O deyib ki, 1995-ci ildən başlamış özəlləşdirmə prosesində Azərbaycanda 45 mindən çox kiçik müəssisə və obyekt xüsusi mülkiyyətə verilib, 1600-dən artıq orta və iri müəssisə səhmdar cəmiyyətinə çevrilib: "İnvestisiya müsabiqələri yolu ilə özəlləşdirilmiş müəssisələrə 982 milyon ABŞ dolları məbləğində investisiya yatırılmışdır. Dövlət əmlakının özəlləşdirilməsi prosesində 530 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. Ümumilikdə 1,5 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələnib".

AzNews.az