“Türkiyədə seçki yaxınlaşdıqca, lirə daha çox dəyər itirir”. “Türkiyədə seçki yaxınlaşdıqca, lirə daha çox dəyər itirir”.

“Lirənin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək” - Ekspert

“Türkiyədə seçki yaxınlaşdıqca, lirə daha çox dəyər itirir”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu son günlərdə Türkiyə lirəsinin dəyər itirməsini şərh edərkən bildirib.

İqtisadçının sözlərinə görə, siyasi dairələrdəki hərarət Türkiyə iqtisadiyyatının müasir durumunu çətinləşdirib:

“Son günlər lirənin ABŞ dollarına nəzərən dəyər itirməsi Türkiyə mənşəli qiymətli kağızlara və borc öhdəliklərinə də təsirsiz ötüşməyib. Hazırda 1 dollar 4,84 lirə səviyyəsində qərarlaşıb, amma bu hələ də son deyil. Bu gedişlə lirə iyunun 24-də keçiriləcək seşkilərədək təzyiq altında olacaq. Bu dövr ərzində lirənin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Türkiyə idxalda Azərbaycanın başlıca tərəfdaş ölkəsidir. Artan idxal bu səbəbdən də daha da çoxalacaq və Azərbaycandan bu ölkəyə valyuta axınını sürətləndirəcək. Bununla yanaşı Türkiyədə Azərbaycan mənşəli əmlak və sərmayələr də dəyər itirə bilər. Bu günlərdə ABŞ-ın İran vətəndaşı olan 5 nəfəri ünvanlı sanksiya siyahısına salması, son günlər sabitləşən İran milli valyutasının (hazırkı kurs 1 $/ 42,105.11 Rialdir) dəyərsizləşməsini sürətləndirəcək”.

Qubad İbadoğlu qeyd edib ki, əgər mövcud proseslər Rusiyada da müşahidə olunarsa (hazırkı kurs 1 $/ 61,69 Rubldur) onda əsas ticarət tərəfdaşları olan ölkələrdən Azərbaycana idxalın artımı fonunda manata kənar təzyiqlər də çoxalacaq: “Belə təsirlər həmçinin həmin ölkələrə ixracatın həcminin aşağı düşməsini də şərtləndirəcək. Odur ki, Mərkəzi Bank və Gömrük Komitəsi Azərbaycanın idxalda əsas ticarət tərəfdaşı olan ölkələrdə son günlər müşahidə olunanlara adekvat munasibət bildirməli və preventiv tədbirlər vasitəsilə real effektiv məzənnənin təsirlərini tənzimləməlidir”.

Bahar RÜSTƏMLİ
AzNews.az