Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyət daşımaqla yanaşı, Xəzəryanı ölkələr üçün yeni inkişaf imkanları açacaq. Bunun tarixiliyi sadəcə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin 22 ildən artıq zaman tələb etməsi deyil, əslində daha çox anlaşma imzalandıqdan sonra regiona gətirəcəyi təhlükəsizlik və eləcə də iqtisadi inkişafa verəcəyi töhfə ilə əlaqədardır. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyət daşımaqla yanaşı, Xəzəryanı ölkələr üçün yeni inkişaf imkanları açacaq. Bunun tarixiliyi sadəcə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin 22 ildən artıq zaman tələb etməsi deyil, əslində daha çox anlaşma imzalandıqdan sonra regiona gətirəcəyi təhlükəsizlik və eləcə də iqtisadi inkişafa verəcəyi töhfə ilə əlaqədardır.

“Konvensiya Xəzəryanı ölkələr üçün böyük iqtisadi dividendlər vəd edir” - Vüqar Bayramov

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyət daşımaqla yanaşı, Xəzəryanı ölkələr üçün yeni inkişaf imkanları açacaq. Bunun tarixiliyi sadəcə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin 22 ildən artıq zaman tələb etməsi deyil, əslində daha çox anlaşma imzalandıqdan sonra regiona gətirəcəyi təhlükəsizlik və eləcə də iqtisadi inkişafa verəcəyi töhfə ilə əlaqədardır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, Azərbaycan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində aktiv və eləcə də konstruktiv iştirak edən tərəflərdən biridir: “Azərbaycan tərəfi beynəlxalq normalar çərçivəsində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi və buna uyğun olaraq da Xəzərin bölgüsünün həyata keçirilməsinin tərəfdarı idi. Bu Konvensiya nəticə etibarilə Xəzəryanı ölkələrin Xəzərdən daha faydalı şəkildə istifadəsinə, daha səmərəli şəkildə faydalanmasına imkan verəcək. Bu, bir tərəfdən imkan verəcək ki, Xəzəryanı ölkələr arasında əməkdaşlığı gücləndirmək mümkün olsun, digər tərəfdən isə Xəzərin beynəlxalq yükdaşımalarda rolunu və funksiyasını artıra bilsin. Çünki burada söhbət beynəlxalq yükdaşımalar, boru kəmərlərinin çəkilməsi və digər məsələlər üzrə razılıq almaqdan gedir. Nəticə etibarilə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi Xəzər üzərindən daşınan yüklərin kəmiyyətinə təsir göstərəcək”.

“Azərbaycan Xəzər üzərindən daşınan yüklərin payının artmasında maraqlıdır. Ələtdə Bakı limanının qurulması və Azərbaycanın mövcud infrastrukturu Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi kontekstində Azərbaycan və Xəzər üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək ki, bu da Xəzəryanı ölkələrin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına zəmin yaradacaq. Belə olan halda Azərbaycan da Xəzəryanı ölkə olduğu üçün beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcminin müəyyənləşdirilməsi baxımından faydalanan ölkələrdən olacaq. Çünki, Azərbaycanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının qurulması məhz elə ölkəmiz üzərindən daşınan yüklərin həcminə təsir göstərəcək. Bu da Azərbaycanın beynəlxalq yük daşımalardan əldə etdiyi gəlirin həcmini artıracaq. Beləliklə, Xəzəryanı ölkələr daxil olmaqla Xəzər üzərindən daşınan yüklərin həcmində artımlar müşahidə olunacaq və bu da sözügedən ölkələrin gəlirlərinin artması baxımından vacibdir”.

Konvensiyanın imzalanmasının boru kəmərlərinin çəkilməsinin və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi, enerji resurslarının daşınması baxımından çox vacib olduğunu deyən V.Bayramov qeyd edib: “Bu, fərqli bazarlara çıxış imkanları deməkdir. Xəzəryanı ölkələrin fərqli bazarlara çıxış yolu əldə etməsi nəticədə enerji resurslarının daha məqbul qiymətə bazara çıxarılması baxımından vacib hesab olunur. Eləcə də Konvensiyaya əsasən, Xəzəryanı ölkələr qarşılıqlı olaraq sərhədlərin və xüsusən də Xəzərin dibindəki ehtiyatların istifadəsi ilə bağlı qarşılıqlı olaraq anlaşacaqlar. Azərbaycan artıq Rusiya və Qazaxıstanla belə bir anlaşma imzalayıb. Bu baxımdan söhbət Türkmənistan və İranla anlaşmanın əldə olunmasından gedir. İran Prezidenti Azərbaycanda səfərdə olarkən mübahisəli hesab olunan yataqların birgə işlənməsi ilə bağlı ilkin anlaşma imzalanmışdı. Bu isə o deməkdir ki, əslində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi fonunda mübahisəli yataqların işlənməsi prosesi kifayət qədər genişdir. Azərbaycan praktik olaraq bu kontekstdə pozitiv və eyni zamanda, konstruktiv mövqe nümayiş etdirən ölkələrdəndir. Azərbaycan Prezidentinin siyasəti də məhz Xəzəryanı ölkələrin Xəzərin ehtiyatlarından səmərəli və qarşılıqlı fayda əsasında istifadəsinə nail olmaqdan ibarətdir. Azərbaycan mübahisəli yataqların birgə işlənməsi ilə bağlı tərəflərlə müzakirələr aparıb, qeyd etdiyimiz kimi, İranla artıq razılıq əldə edilib, Türkmənistanla da oxşar razılığın əldə ediləcəyi gözlənilir. Bu isə o deməkdir ki, keçmiş SSRİ dağıldıqdan sonra uzun müddət gündəmdə olan məsələ praktik olaraq həllini tapdı. Bütün bu proseslər boyu Azərbaycan məhz Xəzərin statusunun müəyyənləşdirilməsi və bu istiqamətdə razılığın əldə edilməsində aktiv çıxış edən ölkələrdən biri kimi yadda qaldı”.

“Xəzərin statusunun müəyyənləşdirilməsinə Azərbaycan öz töhfəsini bəxş etməklə yanaşı, eyni zamanda, Xəzəryanı ölkələrin bu anlaşmadan faydalanması və nəticə etibarilə anlaşmanın sözügedən ölkələrə stabillik, sülh və iqtisadi gəlir gətirməsi anlamında təbii ki, anlaşmanı dəstəkləyən ölkələrdən biri kimi həm də Xəzəryanı regionun inkişafında maraqlı ölkədir. Bu Konvensiya Xəzəryanı ölkələr üçün yeni inkişaf imkanları vəd edir. Beynəlxalq yükdaşımaların həcminin, ölkələrin gəlirlərinin həcminin artması nəticə etibarilə yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsi baxımından çox vacibdir. Bütövlükdə, anlaşma Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələr üçün böyük iqtisadi dividendlər vəd edir”, - deyə ekspert vurğulayıb.

AzNews.az