“Markaya çevirə bilmirik” “Markaya çevirə bilmirik”

Hər il yüzmilyonlarla dollar Azərbaycanın əlindən çıxır - Bircə bu səbəbə görə...

“Markaya çevirə bilmirik”

Azərbaycan şərabları xarici bazarda ümumi qiymətlərdən daha ucuz satılır. Necə deyərlər, su qiymətinə! Bunun səbəbi isə ölkəmizdə istehsal olunan şərabların coğrafi ərazi standartının olmamasıdır. Bu standart malın hansı ərazidə yetişən üzümdən hazırlandığını bildirən rəsmi göstəricidir. Ərazi standartı olan şərablar bazara “markalı” məhsul, digərləri isə sadəcə “süfrə” şərabı kimi çıxarılır. Azərbaycanda istehsal olunan şərablar xarici bazarlarda “süfrə” şərabı qismində satılır. “Süfrə” şərabları isə “markalı” şərablardan daha ucuzdur. Nəticədə Azərbaycan hər il yüz milyonlarla dollar pul itirir.

AzNews.az saytının izinə düşdüyü bu məsələ ilə bağlı “Az-Granata” MMC-nin istehsalat üzrə direktor müavini Vüqar Mikayılov deyir:

“Qiymət ikiqat artacaq”

“Rusiyada bu standart “QOST” adlanır və 2012-ci ildən tətbiq olunur. Lakin Azərbaycanda bu standart tətbiq olunmadığı üçün bizim şərablar xarici bazara “süfrə” şərabı adı ilə çıxarılır. Buna görə də bizim şərablar ərazi standartı olan şərablarla müqayisədə 30-50% daha ucuz satılır. Çünki biz şərablarımızı xarici bazara sadəcə “süfrə” şərabı kimi çıxardırıq. Bu şərabların isə Rusiya bazarında bizdən alış qiyməti 1.5-2 dollar arasıdır. Azərbaycanda ərazi standartı tətbiq olunduğu zaman bizim şərabların qiyməti 4-5 dollara yüksələcək. Xarici bazarda bu standartı olan bəzi markalar var ki, bizdən keyfiyyət baxımından qat-qat aşağıdır. Amma bizdən daha yüksək qiymətə satış həyata keçirirlər. Biz bu məsələ ilə bağlı bir çox yerlərə müraciət etmişik və etməyi də düşünürük. Bu standartın tətbiq olunması həm də ona görə yaxşıdır ki, artıq bizim qiymətlər 50%-ə qədər yüksələcək və ölkəyə daha çox valyuta gəlməsinə səbəb olacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olunduğu üçün hazırda bu məsələlər Qida Təhlükəsizliyi Agentliyinin ixtiyarındadır. Qida Təhlükəsizliyi Agentliyi isə şərab istehsalçılarının sənədlərini toparlamaq üçün biraz vaxt tələb edir”.

“Sorğu göndərin”

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən isə əməkdaşımıza bildirdilər ki, bu məsələ ilə bağlı informasiyanı onlar ancaq yazılı sorğuya cavab olaraq verə bilərlər. Xatırladaq ki, Mətbuat Xidmətinin bu yanaşması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununa ziddir.

Məsələ isə həm də ondadır ki, dövlət standartlaşdırması aparmaq üçün müvafiq qanun lazımdır. Söhbət isə məhz ondan gedir ki, Azərbaycanın qanunla müəyyənləşmiş standartları arası belə bir çeşid növü yoxdur. Başqa sözlə bu o deməkdir ki, Qida Təhlükəsizliyi Agentliyi mövcud olmayan bir standartı hər hansı məhsula təqdim edə bilməz. Odur ki, bu problemə Milli Məclisdə də baxılmalıdır. Yeni sessiyası dövründə isə Azərbaycan parlamentinin gündəliyində belə bir məsələyə baxılması nəzərdə tutulmur.

Bu barədə AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov danışır:

“Gündəlikdə belə məsələ yoxdur”

“Azərbaycanda coğrafi ərazi standartı tətbiq olunur. Dövlət standartı isə var. Bu standarta uyğun olaraq mallar xarici bazara satışa çıxarılır. Bu məsələdə ərazi standartının olub-olmamasının böyük əhəmiyyəti yoxdur. Düzdür bəzi sahibkarlar üçün bu əhəmiyyət daşıya bilər ki, malların ərazi standartına uyğun olub-olmamasını müəyyən etsin. Azərbaycanda bütün mallar dövlət standartına uyğun istehsal olunsa, heç bir problemlə üzləşilməyəcək. Ümumiyyətlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olunub, hansı dövlət qurumuna verilməsi dəqiq məlum olmadığı üçün belə problemlər hələ də qalmaqdadır”.

Nigar CƏFƏR

AzNews.az