12:07
(077) 610-22-33

Mənzillər niyə bahalaşıb?

  • >
325 1 Aprel 2013 10:25 | İqtisadiyyat

Son vaxtlar Azərbaycanda daşınmaz əmlakın sürətlə bahalaşmasının əsas səbəbləri ölkədə pul kütləsinin artımı və xarici amillərlə bağlıdır



Bunu "APA-Economics"ə açıqlamasında ölkənin daşınmaz əmlak bazarındakı vəziyyəti araşdıran "MBA Group Consulting" şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.

Qeyd edək ki, son bir ildə Bakı şəhərinin təkrar mənzil bazarında (köhnə mənzillər) qiymətlər 13% yüksəlib. "MBA Group"un məlumatlarına əsasən, ayrı-ayrı rayonlarda qiymət artımı daha sürətli olub – 3 rayonda illik bahalaşma 15%-dən artıq – Qaradağda 28,5%, Nəsimidə 16%, Xəzərdə 15% olub. Paytaxtın bəzi rayonlarında orta qiymət indiyədək görünməmiş həddə çatıb. Məsələn, Səbail rayonunda 1 kv. metrin orta qiyməti 2 200 ABŞ dolları, Nəsimidə 1 765 dolları, Nərimanovda isə 1 625 dolları keçib.

N.İbrahimovun sözlərinə görə, əmlakın bahalaşmasının səbəblərindən biri qiymət artımının dövri proses olması ilə bağlıdır: "Son 30 ilin təcrübəsi göstərir ki, hər 8-12 il ərzində qiymətlər artır, sonrakı 3-5 il ərzində isə aşağı düşür. Hazırda qiymətlərin artımı dövrüdür".

Əmlakın bahalaşmasının ikinci və əsas səbəblərindən biri ölkədə pul kütləsinin artımıdır: "İnsanların əlində artıq pul var. Onlar bu pulu bazara yatırmağa üstünlük verir və yaranmış təzyiq qiymətləri artırır". Digər tərəfdən investorlar sərbəst vəsaitlərini daşınmaz əmlaka yatırmağa başlayıblar.

Əmlakın bahalaşmasının daha bir səbəbi ipoteka kreditləşməsi proqramı ilə bağlıdır. N.İbrahimov bildirib ki, ipoteka kreditləri bazarda sabitləşməyə gətirib çıxarıb ki, sonradan bu sabitləşmə əmlak qiymətlərinin artımı ilə əvəz olunub. Son vaxtlar ucuz mənzillərin sayının azalması da qiymət artımını şərtləndirib: "İpoteka kreditləri əsasən ucuz mənzillərə yönəlib. Ucuz mənzillərin də portfeli son vaxtlar tükənməyə meyllidir. Bazarda belə mənzillərin sayı azaldıqca onların sahibləri qiymətləri artırmağa və öz şərtlərini diktə etməyə başlayıblar. Son nəticədə ucuz mənzillərin qiyməti artmağa başlayıb ki, bu da digər seqmentlərdə də qiymətləri ardınca yuxarı çəkir".

Həmçinin, Azərbaycanda əmlakın bahalaşması xarici amillərlə də əlaqələndirilir. Ekspert bildirir ki, hazırda təkcə Azərbaycanda deyil, MDB və yaxın region ölkələrində də qiymətlər artır: "Bu da psixoloji amil kimi Azərbaycan bazarına da təsir edir".

Qeyd edək ki, analoji proseslər hazırda ilkin mənzil bazarına da müşahidə olunur.

AzNews.az
Bağla X