22:58
(077) 610-22-33

Sahibkarlara 167.5 milyon manat güzəştli kredit verilib

  • >
348 21 İyun 2013 13:06 | İqtisadiyyat

İyunun 21-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Lənkəran rayonunun Veravul kəndində keçirib.


Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Tədbirdən əvvəl dövlətin güzəştli kreditləri hesabına rayonun Ürgə kəndində 25 hektar ərazidə salınmış meyvə bağına və 25 hektar ərazidə yeni salınan meyvə bağında aparılan işlərə, Digah kəndində illik istehsal gücü 5.5 min ton olan müasir çörək zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Lənkəranın iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan südlük istiqamətli kiçik cins heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq, çayçılıq, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında sosial-iqtisadi sahədə Lənkəran rayonunda reallaşdırılan tədbirlər və həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, icrası uğurla reallaşdırılan məqsədli dövlət proqramlarının regionların, xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirmiş, sahibkarlığın inkişafına göstərilən sistemli dövlət dəstəyi tədbirləri nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun davamlı olaraq artdığını diqqətə çatdırıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına bugünkü tədbir çərçivəsində verilən kreditlər də daxil olmaqla respublika üzrə sahibkarlıq subyektlərinin 1842 investisiya layihəsinin maliyyələşdirilməsinə 167.5 milyon manat güzəştli kredit verilmişdir. Bu investisiya layihələrinin reallaşdırılması 6800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1350-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 64.7 milyon manat güzəştli kreditlər verilib.

Tədbir çərçivəsində Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 1.2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 106 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.//trend//

AzNews.az
Top xəbərlər
Bağla X