04:43
(077) 610-22-33

Vətəndaşları əmək müqaviləsi ilə bağlı nə narahat edir?

  • >
1 091 2 Avqust 2012 11:45 | İqtisadiyyat

“Əmək Məcəlləsində “işəgötürən” anlayışı ziddiyyətli şəkildə tənzimlənib”- Hüquqşünas

Əmək müqavilələrinin bağlanmaması, vətəndaşların işə götürülən və çıxarılan zaman qanuni prosedurların həyata keçirilməməsi dövrümüzün aktual problemlərindəndir. Remedium Hüquq Klinikasının hüquqşünasları bu məsələylə əaqəli olan iki məsələyə aydınlıq gətiriblər:

1.Əmək müqaviləsi hansı hallarda müddətli bağlanılır?

2.Əgər işəgötürən işdən azad edilibsə, əmək müqaviləsinin yenilənməsinə ehtiyac varmı?

Remedium Hüquq Klinikasının hüquqşünasları bildirirlər ki, müddətli əmək müqaviləsi bağlanan hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində öz əksini tapıb. Həmin maddəyə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:

- işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;

- təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;

- işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;

- müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;

- işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;

- müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;

- Milli Məclisinin deputatları və bələdiyyələrə seçilmiş şəxslər istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;

- tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;

- işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;

- qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Hüquqşünaslar ikinci sual barədə isə bunları deyiblər: "İlk növbədə, onu qeyd etməliyik ki, Əmək Məcəlləsində "işəgötürən" anlayışı ziddiyyətli şəkildə tənzimlənib və mübahisəyə səbəb ola bilən bir anlayışdır. Siz "işəgötürən" dedikdə müəssisənin rəhbərini nəzərdə tutursunuzsa, müəssisənin rəhbərinin işdən azad edilməsi halında müəssisə ilə işçi arasındakı əmək münasibətləri davam etdiyindən qüvvədə olan əmək müqaviləsinin ləğv edilərək yeni əmək müqaviləsinin bağlanmasına ehtiyac yoxdur. Lakin, tərəflərin qarşılıqlı razılığı əsasında yeni əmək müqaviləsi bağlanıla da bilər".


Sevinc

AzNews.az


Bağla X