16:57
(077) 610-22-33

370 milyonluq müqavilə imzalandı

  • >
152 28 Noyabr 2013 18:55 | İqtisadiyyat

Bu gün Azərbaycan hökuməti və Almaniyanın Federal Hökuməti arasında "2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə maliyyə əməkdaşlığı haqqında saziş" imzalanıb.


"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Haydrun Tempelin imzaladığı sazişə əsasən, Almaniyanın Federal Hökuməti KfW bankı vasitəsi ilə Azərbaycana 370 milyon avroya qədər güzəştli kredit ayıracaq. Bu vəsaitin böyük hissəsi (220 milyon avro) "Kommunal infrastruktur proqramı" çərçivəsində Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının yaxşılaşdırılması ilə bağlı proqram üçün nəzərdə tutulub. Eyni zamanda, "Bərpa edilən enerji və enerji səmərəliliyi üzrə açıq proqram" layihəsinə 130 milyon avro, "Tullantıların ekoloji baxımdan təmiz idarə olunması proqramı"na isə 20 milyon avro ayrılacaq.

Hökumətlərarası saziş KfW bankına Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə müvafiq ssuda və maliyyələşdirmə müqavilələri bağlayaraq xüsusilə Gəncə və Şəki şəhərlərində su təchizatı layihəsinin növbəti mərhələyə keçməsinə imkan yaradır.

Sənədin imzalanması mərasimində qeyd olunmuşdur ki, Almaniya Federativ Respublikası və Azərbaycan Respublikası 1993-cü ildən etibarən maliyyə sahəsində uğurlu və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Almaniyanın Federal Hökuməti birgə layihələri, o cümlədən Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının və çirkab suların axıdılmasının yaxşılaşdırılması, tullantıların ekoloji baxımdan təmiz idarə olunması və Gəncədə vahid kadastr sisteminin təkmilləşdirilməsi layihələrini dəstəkləyir. Bundan başqa, tərəflər bərpa edilən enerji və ətraf mühitin mühafizəsi sahələrində də əməkdaşlıq edirlər.

AzNews.az
Bağla X