“İranın öz valyutası dollara və avroya alternativ ola bilməz” “İranın öz valyutası dollara və avroya alternativ ola bilməz”

Vüqar Bayramlı: “İranın avrodan imtinası sanksiyaları gücləndirəcək”

“İranın öz valyutası dollara və avroya alternativ ola bilməz”


İran xarici işlər nazirinin Asiya məsələləri üzrə müavini Abbasa Arakçi ölkəsinin xarici ticarətdə avrodan imtina etməyə hazlırlaşlığını bildirib. İranın öz maliyyə təhlükəsizliyini qorumaq iqtidarında olduğunu deyən A.Arakçi rəsmi Tehranın bu istiqamətdə lazımi addımları atacağını vurğulayıb. Bəs "ABŞ və Avropa ölkəmizə qarşı sanksiyalar tətbiq etməklə bizi çıxılmaz vəziyyətdə qoyacaqlarını sanırdılar, amma biz cıxış yolu tapdıq"-fikri bu ölkəyə qarşı atılan addımlara nə dərəcədə adekvatdır?

Tanınmış iqtisadçı Vüqar Bayramlı AzNews.az-a məsələni şərh edərkən rəsmi Tehranın atdığı addımın heç də adekvat olmadığını bildirib. Onun sözlərinə görə, İran bir il əvvəl enerji ressurslarının satışında dollardan imtina etdiyini bildirsə də verilən qərar bütün satışlara tətbiq olunmur: "İranın bu qərarı hələlik bütün satışlara tətbiq edilmir və yalnız Türkiyə, digər qonşu ölkələrlə enerji ressurslarının satışında qızıldan istifadə olunması barədə razılıq əldə olunub.Ona görə də qonşu Türkiyəyə satılan enerji ressursları məhz qızıl ekvivalenti ilə hesablanır və artıq nə dollar, nə də avrodan istifadə olunur. Hazırda İran bir sıra ölkələrə özünün enerji ressurslarının satışını davam etdirir ki, həmin ölkələr arasında da ödənişi avro ilə edənlər var. Ancaq indiki halda İran həmin ölkələrlə də mübadilədə avrodan deyil, qızıl ekvivalentindən istifadə etməyə çalışır. Təbii ki, İran avro və dollardan imtina etməyə çalışır, amma alternativ olaraq valyuta da təklif edə bilmir. Birmənalı şəkildə İranın öz valyutası isə şübhəsiz, alternativ ola bilməz. Eyni zamanda da İrandan enerji ressursları alan və xariclə əlaqələri olan ölkələr digər valyutalarla ticarət əlaqələri qurmaqda maraqlı deyillər".

Bu baxımdan da İranın hələlik dollardan imtina etməsi praktiki olaraq nə enerji bazarı, nə də dolların dünyadakı mövqeyinə hansısa təsir göstərmədiyini qeyd edən ekspert avrodan imtinanın da İran üçün çıxış yolu olduğunu güman etmir: "Digər bir tərəfdən də bu gün İranın problemi heç də dollar və avrodan imtina, yaxud da ondan istifadədə deyil. Bu gün problem ondadır ki, İran bank və digər transferlər, beynəlxalq əməliyyatlar aparmaqda çətinliklərlə üzləşib. İranın problemi ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalarla bağlıdır. Ona görə də İranın dollar və avrodan imtina etməsi məhz həmin sanksiyaların bu ölkəyə təsirini daha da gücləndirəcək. Rəsmi Tehranın avro və dollardan imtina etməsinə baxmayaraq, İran vətəndaşları məhz dollarla yığım aparırlar. İranda yerli valyutanın dollara nisbətən məzənnəsi kəskin aşağı düşüb. Bu onu göstərir ki, təbii proses İranda dollara tələbin artması istiqamətindədir".

Politoloq Zərdüşt Əlizadə də AzNews.az-a deyib ki, İranın dollar və avrodan imtinası mütləq imtina deyil. Onun sözlərinə görə, İranın imtinası enerji ehtiyatları ilə bağlı imzalanan irihəcmli müqavilələrlə bağlıdır: "Çünki rəsmi Tehran çalışır ki, həmin müqavilələrə əsasən ödənişi milli valyuta ilə, yaxud da müəyyən şəkildə qızılla aparsınlar. Aydındır ki, İranın Qərblə münasibətləri kəskinləşib və buna görə də onlarla iqtisadi əlaqələr də məhdudlaşıb. Bu baxmımdan da dollara, yaxud da avro ilə əməliyatları da məhdudlaşdırıb ehtiyac qalmayıb. Eyni zamanda da İran ona qarşı sanksiya tətbiq edən ölkələrlə valyuta rəqabətinə keçib. Atılan bu addım da anlaşılan rəqabətdir".


Gültən

AzNews.az