Fırıldaqçılığın yeni forması Fırıldaqçılığın yeni forması

Reklam bazarında özbaşınalıq

Fırıldaqçılığın yeni forması



Son vaxtlar hamı "yalançı reklamlardan" şikayətlənir. Alıcıların çoxunun şikayəti ondan ibarətdir ki, məhsulların qiyməti və alınma şərtləri heç də reklamdakı ilə uyğun gəlmir. Daha doğrusu, insanlar aldadılır və ya onların dili ilə desək, şirnikləşdirilir. Belə ki, reklamlarda elektrik malları, bu gün də söz açdığımız kondisionerlər daha sərfəli qiymətlərlə, güzəştli şərtlərlə təklif edilir. Müəyyən müddətlərdə isə kampaniya çərçivəsində satışlar reklam edilir. Ancaq bu xəbərlərə inananaraq mağazalara yollanan alıcılar, təəssüf ki, məyus olurlar. Elə alıcılardan biri də Südabə xanımdır. O bildirir ki, televiziya kanallarında reklamlarda "Bermud" Elektroniks mağazalar şəbəkəsində kondisionerlərin satışında kampaniya başlandığını eşidib.


Onunçün münasib olan ölçüdəki kondisioneri 399 manata ala biləcəyi deyildiyi halda, mağazada 500 manatdan ucuzuna rast gəlməyib: "Satıcılardan soruşdum ki, bəs reklamda kampaniya olduğu deyilirdi. O qiymətə burda kondisioner yoxdu axı. Onlar da deyir ki, kampaniyanın vaxtı bitib, satışda ancaq bu qiymətlərə olan avadanlıqlardır. İstəyirsiz alın, istəmirsiz yox. İnsanları yalan reklamlarla aldadırlar ki, təki mağazaya gəlsinlər. Sonra başlarını qatıb baha qiymətə olanı satarıq. Belə olmaz axı. Biz də büdcəmizə uyğun bilib gedirik, sonra görürük ki, boş-boş reklamlarmış sadəcə". Biz özümüz də bir neçə mağazaya alıcı qismində getdik və edilən şikayətlərin heç də boşuna olmadığına əmin olduq. Bir çox güşəztli şərtlər elə reklamda qalır və satış zamanı bunların heç biri həyata keçirilmir. Deməli, bu reklamlar ancaq müştəri toplamaq məqsədi daşıyır. Təklif olunan şərtlərə uyan alıcılar boşuna vaxt itirir və əsəblərini korlayır. Buna görə də, artıq insanların reklamlara eləcə də, sözügedən mağazalara inamı da qalmayıb.


Beləliklə, baş çəkdiyimiz "Maqnit" mağazalar şəbəkəsində də müştərilərə gəl-gəl deyən şərtlər bol idi. Daxil olub bu şərtlərin nə dərəcədə doğru olduğunu öyrənməyə çalışdıq. Eyni zamanda, müştərilərin şikayətlərini də onlara çatdırdıq. Mağazanın işçisi Sveta xanım isə onların mağazasında belə aldadıcı şərtlər olmadığını bildirdi: "Bizdə elə hala rast gəlinməyib. Birdən olur ki, müştərilər nazarazılıq eləyir, şərltlərlə, qiymətlərlə razı olmur. Amma biz heç kimi nəsə almağa məcbur etmirik ki... Onlar sadəcə reklamda sadalanan şərtləri düzgün anlamırlar. Biz hər şeyi reklamda geniş izah edəsi olsaq, onda gərək reklam neçə dəqiqə və ya saat çəkə, bu da mümkün deyil axı. Məsələn, biz deyirk ki, ilkin ödənişsiz, faizsiz kreditlə müəyyən avadanlıq satılır. Ancaq bu, o demək deyil ki, ilkin ödəniş olmadan aylıq faizlər olmur. Yox, elə alıcılar olur ki, onların imkanı olmur ilkin ödəniş etməyə. Bu zaman ona aldığı malın qiymətinə uyğun aylıq faiz hesablanır. Yaxud da deyirik ki, filan mal 399 manata satılır. Bu nağd satış qiymətidir. Təbii ki, kreditlə alınanda onun faizi hesablanır. Belə olmasa, mağazanın qazancı nə olar bəs? Biz də ordan gəlir əldə edirik. Guya siz özünüz bütün informasiyaları düz yazırsız, şişirtmirsiz ki, nəyisə..."


Sevinc Fədai

AzNews.az