80 min manata yaxın saxta pul aşkar edildi

Ötən 2013-cü ildə 12 cinayət faktı üzrə 78 minə yaxın saxta Azərbaycan manatı aşkar edilib, 3 diplom və xeyli sayda başqa saxta sənədlərin satışının və istifadəsinin qarşısı alınıb.

Daxili İşlər Nazirlyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2013-cü ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə edən Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib.

O, deyib ki, istehlakçıları aldatma, keyfiyyətsiz məhsul istehsal etmə və satma, eləcə də əmtəə nişanlarından qanunsuz istifadə etmə cinayətlərinin aşkarlanması üzrə fəaliyyət çərçivəsində satışa çıxarılmış 300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları götürülərək məhv edilib.

Bundan əlavə, qanunazidd olaraq qumar oyunları təşkil edən 13 sahibkarlıq obyektinin fəaliyyəti dayandırılıb və cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunublar. Baş İdarəyə daxil olan əməliyyat məlumatları mütəmadi araşdırılaraq lazımi tədbirlər görülüb və müvafiq məlumatlar əsasında 102 cinayətin açılması təmin edilib.

AzNews.az