Xarici dil kurslarının qiymətləri niyə bahadır? Xarici dil kurslarının qiymətləri niyə bahadır?

Dil kurslarının “dilçəyi”

Xarici dil kurslarının qiymətləri niyə bahadır?



Azərbaycanda demək olar ki, xarici dillərə yüksək maraq ölkə paytaxtından tutmuş kiçik kəndlərə qədər yayılıb. Hər kəs övladının gələcəyini düşünür və bu gələcəyin işıqlı olması üçün xarici dil öyrənməyin vacib olduğunu düşünür. Həqiqətən də bu gün iş yerlərinin əksəriyyətində işə qəbul zamanı əmək qabiliyyətli insanlardan soruşulan birinci və ya ikinci sual "hansı xarici dili bilirsən" sualıdır. Bəzən rus, ingilis dillərini bilməyən şəxslər hətta iş axtarmaqdan belə çəkinir.


Çünki, fikirləşir ki, mən xarici dil bilmirəm, məni çətin ki işə götürsünlər. Bundan əlavə Azərbaycanda ali məktəblərə qəbul zamanı abituriyentlər 4-cü ixtisas qrupundan başqa bütün ixtisas qruplarında xarici dildən imtahan verməlidir. Başqa fənlərdən yüksək bal toplayan abituriyent xarici dildən minimum bal toplaya bilməsə, müsabiqədən keçə bilmir. Eyni zamanda, xarici dili bilmək xaricilərlə əlaqə saxlamaqla yaxşı pul qazanmaq imkanı verir. Elə bütün bu səbəblər xarici dil bilməyin nə qədər önəmli olduğunu göstərir. Bəs xarici dil kurslarında qiymətlər nə yerdədir? Əhalinin maddi durumu ilə bu qiymətlər uyğundurmu?


Araşdırmalar zamanı məlum olur ki, ingilis, rus, fransız, alman dilləri xarici dil kurslarında ən çox tələbat olunan dillərdir. Bu dillərin fərdi və qrup halında öyrədilməsinə görə qiymətlər kursların yerləşdiyi ünvana, repetitorların peşəkarlığına və texniki avadanlıqların çoxluğuna görə dəyişir. Məlum olur ki, kurslarda qiymətlər bir aya görə 60 manatdan tutmuş 200 manata qədər qalxır. Daha ucuz hesab olunan kurslarda qiymətlər 60-100 manat, orta və yüksək səviyyəli kurslarda isə qiymə 100 manatdan 200 manata qədər dəyişir. Ən "bahalı" dil isə ingilis dilidir Başqa dillərə nisbətən dil öyrənmək üçün ən ucuz vasitə qrup halında kurslara yazılmaqdı. Belə ki, fərdi olaraq dil öyrənmək üçün tələb olunan vəsait, qrup halında ödənilən vəsaitdən təxminən iki dəfə artıq olur.


Qiymətlərin belə yüksək olması o demək deyil ki, bura gələnlər bu dilləri yaxşı mənimsəyir. Dil öyrənmək üçün gələnlərin əksəriyyəti demək olar ki, bu dilləri yaxşı mənimsəyə bilmir. Kurslarda həftədə bir dəfə "conversation" yəni söhbət, dialoq saatları heç də yüksək səviyyədə aparılmır. Bu saatlara daha çox Azərbaycanda yaşayan əcnəbi vətəndaşları dəvət edən kurs rəhbərliyi bununla da tələbələrin işini çətinləşdirir.

Ona görə ki, sözügedən şəxslər bəzən ədəbi dildə danışmır, pedaqoq kimi formalaşmadıqları üçün tələbənin dil qabiliyyətinin inkişafına yardım göstərə bilmir. Elə vaxt da olur ki, məsələn İngiltərənin hər hansı bir bölgəsindən gələn və ləhcəylə danışan şəxslər belə pul qazanmaq üçün belə kursların təklifini qəbul edir və nəticədə bərbad vəziyyət ortaya çıxır. Bundan əlavə, müəllimlərə tələbələrdən alınan pulun cəmi 25-30 faizi verilir, bu da ay ərzində müəllimin qazancının 300-400 manat civarında olması deməkdir. Belə olan halda da müəllimlərdən keyfiyyətli tərs tələb etmək olmur.

Müsahibim 29 yaşlı kurs müəllimi Mahir Dünyamalıyev də kursların bu qayda ilə işləməsindən narazıdır: "Tutaq ki bir tələbə gəlir və onu ayda 80 manata hazırlaşdırıram. 80 manatdan mənə çatan pul cəmi 20 manat olur. Uzaq başı 15-20 tələbə hazırlayıram bu da ayda 300-400 manata gəlib atır. Ona görə də tam enerji ilə işləməyə elə də həvəs yoxdur".

Xarici dil kurslarının birində dil öyrənən Elxan Məmmədov kursların fəaliyyətindən narazıdır: "Maddi vəziyyətim mənə imkan vermir ki, daha səviyyəli kurslarda dil öyrənim. Burda da "ucuz ətin şorbası olmaz" deyimi yada düşür. Mən əsasən aşağı qiymətlə tədris olunan yerlərə gedirəm. Bir neçə belə yerlərə getmişəm, amma istədiyim kimi nəticə əldə edə bilməmişəm. Qiymətlər çox bahadır. Normal dil kurslarında aylıq qiymət 150-200 manata çatır. Buna da imkan yoxdur".

Bahadur Eyuboğlu

AzNews.az