Ünvanlı dövlət sosial yardımı alanlan artır?

Bu il avqustun 1-nə olan məlumata əsasən, respublikada 629 min 129 nəfəri ailə üzvünü əhatə edən 141 min 378 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Bununla bağlı Sosial Müdafiə Fondundan verilən məlumata görə, ünvanlı dövlət sosial yardımı alan ailələrdə 306 min 308 nəfər yaşı 18-dək olan, 9 min 669 nəfər 1 yaşadək olanlardır.

Bildirilir ki, həmin ailələrdə sağlamlıq imkanları məhdud 18 yaşınadək ailə üzvlərinin sayı 9 min 764 nəfər, üzrlü səbəblərə görə işləməyən əmək qabiliyyətli ailə üzvlərinin sayı 59 min 926 nəfər təşkil edir. Yardım təyin olunan ailələrdən 58 min 627-si 3 və daha çox uşağı olan, 666-sı tərkibində müharibə əlili olan, 18 min 59-u tərkibində digər səbəblərdən əlil olan, 12 min 552-si məcburi köçkün, 39-u isə şəhid ailələridir.

Ayda orta hesabla hər ailəyə 110,26 manat, hər ailə üzvünə isə 24,78 manat ünvanlı yardım ödənilir. Ünvanlı yardım verilən ailələrdən 99,7 faizi yardımı plastik kart vasitəsi ilə alır. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə təxminən 3 dəfəyə yaxın artırılaraq cari ilin əvvəlindən 84 manata çatdırılmışdır.

"Özünədəstək" layihəsinin icrası işləri uğurla davam etdirilir. Artıq ölkənin 13 rayonu üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrdən 263-ü seçilərək bu layihəyə cəlb olunmuşdur. Layihənin bütün ölkədə tətbiqi nəzərdə tutulur.

Gültən
AzNews.az