Füzulidə tikinti işlərinə 27 milyon manat xərclənib


Azərbaycanın cəbhə rayonu olan Füzulinin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər davam etdirilir.

Füzuli rayon İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, təkcə ötən il rayonda 27 milyon manatlıq tikinti-abadlıq işləri aparılıb.
Hazırda Horadiz şəhərdə salınan yeni 4 km uzunluğu olan "Gənclər" prospektində işlər davam etdirilir. Rayonun Ağsaqqallar Evi, Tarix-Diyarşünaslıq Muzeyi, İcra Hakimiyyəti üçün yeni inzibati binalar da həmin prospektdə inşa edilir.

Adıçəkilən mərkəzi küçədə yaxın vaxtlarda gənc ailələr üçün çoxmərtəbəli yaşayış evlərinin tikintisi də nəzərdə tutulub.

Məlumatda o da qeyd olunub ki, rayonda yeni trikotaj fabrikinin də tikintisinə start verilib. Bu fabrikdə 160 nəfər işlə təmin olunacaq. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən 100 çarpayılıq uşaq bağçası da yaxın vaxtlarda istifadəyə veriləcək.

Horadiz şəhərində 8 hektar ərazini əhatə edən Bayraq Meydanı, Milli Qəhrəmanlar Parkı, Qarabağ şəhidləri Kompleksi və 31 mart soyqırımı abidəsində də son tamamlama işləri aparılır.

AzNews.az