18:57
(077) 610-22-33

Neft Fondunun büdcəsinə yenidən baxılacaq

  • >
593 12 Mart 2014 11:17 | İqtisadiyyat

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il büdcəsinə yenidən baxılacaq. Bu, "Şahdəniz" layihəsinin səmərəli idarə olunması və qazın Avropaya çatdırılması üçün QSC-nin formalaşdırılması ilə bağlıdır. Bu barədə jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

Fevralda Azərbaycan Prezidenti İlham Əliyev "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans Anadolu və Trans Adriatik qaz kəmərlərinin genişləndirilməsi ilə bağlı qapalı səhmdar cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Bu layihələrin səmərəli idarə olunması üçün Dövlət komissiyasının təklifi diqqətə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 100 milyon dollarlıq nizamnamə kapitalı ilə qapalı səhmdar cəmiyyəti (51 faiz dövlətə və 49 faiz ARDNŞ-yə məxsus) yaradılır.

ARDNF-yə dövlətin birbaşa mülkiyyətində olacaq QSC-nin iştirak payının maliyyələşdirilməsini təmin etmək tapşırılıb. Cəmiyyətə iştirak payının maliyyələşdirilməsi üçün veriləcək vəsaitlər qaytarılma şərti ilə uzunmüddətli investisiyalar şəklində təqdim ediləcək.

ARDNF rəhbərinin sözlərinə görə, 2014-cü ildə QSC-nin yaradılmasına Dövlət Neft Fondu 51 milyon dollar ayırmağı planlaşdırır və bununla əlaqədar ARDNF-nin büdcəsinin məxaric hissəsinə yenidən baxılmalıdır: "Biz bu yatırıma sərmayə kimi baxırıq, çünki bu vəsaitlər fonda qaytarılacaq".

Onun sözlərinə görə, şirkətin xərclərinin ümumi həcmi beş milyard dollar təşkil edir. Öz növbəsində, şirkətin fəaliyyəti çərçivəsində beş il müddətində ARDNF-dən 2-2,5 milyard dolların ayrılması nəzərdə tutulub: "Biz investisiyaların 2023-2024-cü illərə qədər ARDNF-yə tam qaytarılacağına ümid edirik".

AzNews.az
Bağla X