00:25
(077) 610-22-33

Unun, çörəyin qiyməti niyə artıb?

  • >
734 28 Avqust 2012 12:05 | İqtisadiyyat

Abbas Əliyev: "Biz elə edirik ki, un bahalaşsa da, çörəyin qiyməti artmasın”



Bir müddətdir ki, paytaxt və rayonlarda ötən aylara nisbətən unun qiymətində artım müşahidə olunur. İqtisadi İnkişaf Nazirliyi monitorinqləri zamanı çörəyin bahalaşması qeydə alınmasa da, bunun da şahidi olmaq mümkündür. Və bu da vətəndaşları ciddi şəkildə narahat etməyə başlayıb. Bəs ümumilikdə bu artım nə ilə bağlıdır? Süni artımdır, yoxsa əsaslı səbələri var? Artımın daha da yüksəlməsi müşahidə oluna bilərmi?

Suallarımıza cavab tapmaq üçün İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, hazırda bununla bağlı monitorinqlər aparılır: "Aparılan monitorinqlər zamanı unun topdansatış və pərakəndə satış obyektlərində qiymət artımı müşahidə olunub. Ancaq nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları üzrə Dövlət Xidməti bazarda malların və xidmətlərin keyfiyyətinə nəzarət edərək süni qiymət artımının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Unun bahalaşması süni artım deyil, bu, dünyada ərzaq buğdasının qiymətindəki artımla bağlıdır. Qiymət artımının digər səbəbləri araşdırılır. Əslində qiymətlərdəki artım çox cüzidir, elə böyük dəyişiklik yoxdur".

Ancaq mətbuat rəhbəri çörəyin qiymətindəki artım fikri ilə razılaşmadı: "Aparılan monitorinqlər zamanı çörəyin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb. Qiymətin bahalığı çörəyin çəkisi ilə bağlı ola bilər. Biz artım müşahidə olunan zaman səbəbləri araşdırırıq, bu, süni şəkildə ola bilməz ". Əgər belədirsə, çörək də undan hazırlanır. Un bahalaşdığı halda, çörəyin qiyməti necə sabit qala bilər? Abbas Əliyev bildirdi ki, bu, çörəyin hazırlanmasındakı üsullarla bağlıdır: "Biz elə edirik ki, un bahalaşsa da, çörəyin qiyməti artmasın".

Sevinc Fədai
AzNews.az
Bağla X