Kirayəçi ilə kirayənişin arasında müqavilənin bağlanmaması ciddi qanun pozuntularına yol açır Kirayəçi ilə kirayənişin arasında müqavilənin bağlanmaması ciddi qanun pozuntularına yol açır

Kirayə mənzillər – dövlətdən gizlədilən qazanc mənbəyi

Kirayəçi ilə kirayənişin arasında müqavilənin bağlanmaması ciddi qanun pozuntularına yol açır


Hazırda pul toplayıb ev almaq və ya tikdirmək olduqca çətin məsələdir. Gənc ailənin illik qazancı orta hesabla 3000-4000 manat təşkil edir ki, bu da gündəlik tələbatların ödənilməsinə güc bəla ilə çatır. Ən yaxşı halda gənc ailənin hər iki üzvü - qadın və kişi işləsələr belə yenə də pul artırıb ev almaq və ya tikmək mümkünsüz olur. Buna görə də mənzilə ehtiyacı olan gənc ailələr çıxış yolunu kirayə mənzillərdə yaşamaqda görür. Gənc ailələrlə yanaşı rayonlardan paytaxta təhsil almağa gələn tələbələr, işləmək üçün gələnlər də kirayə mənzillərdə qalmağa məcbur olur. Paytaxta normal kirayə mənzillərin qiyməti nə az, nə çox 250-dən tutmuş 300 manata qədər qalxır. Daha bahalı mənzillər də var amma biz imkansız ailələrin qala biləcəyi evlərdən danışdığımız üçün "ucuz" kirayələri qeyd edirik.

Təbii ki, kirayənişinlər bu evlərdə nə qədər qalmasından asılı olmayaraq, hər hansı mülkiyyət hüququna sahib olmur. Hətta ev sahibi istədiyi vaxt kirayə qalan ailəni və ya tələbələri evdən çıxara bilər. Mənzillərin kirayəsi zamanı kirayə verənlə kirayənişin arasında əksər hallarda heç bir müqavilənin imzalanmaması ev sahibinin istədiyi cür rəftar etməsinə gətirib çıxarır. Qiyməti istənilən vaxt artıra bilir. Kirayənişinin qarşısında isə belə bir tələb qoyur ki, ya mən dediyim məbləği ver, ya da evdən çıx.

Belə ki, əgər ev sahibi evini 200 manata kirayə veribsə, başqa biri ona 250 manat təklif edən kimi əvvəlki kirayənişini çıxardıb başqasını gətirir. Evdən çıxardılan isə heç bir söz demək haqqına sahib olmur. Sərfəli qiymətə kirayə ev tapmağın çətinliyini hamımız bilirik. Belə bir vaxtda gənc ailəni evdən çıxarıb çətin vəziyyətə salanlar bu azmış kimi qazanclarından dövlət büdcəsinə vergi də vermirlər. Bunun səbəbi isə Azərbaycanda kirayə verənlə kirayənişin arasında müqavilənin bağlanmamasıdır. Müqayisə üçün deyək ki, qardaş Türkiyədə kirayə verənlə kirayədə qalan arasında hökmən müqavilə imzalanır və bu müqavilədə qiymət və vaxt amilləri razılaşdırılır. Razılaşan müddət ərzində kirayə qiymətində heç bir dəyişiklik baş verə bilməz. Eyni zamanda isə bu müddət bitənə qədər ev sahibinin kirayənişini evdən çıxartmaq hüququ yoxdur. Kirayə verən şəxs bununla yanaşı əldə etdiyi gəlirdən dövlət büdcəsinə vergi ödəyir. Bu qayda əslində bizdə də var, amma kağız üzərində.

Ədliyyə Nazirliyinin məsləhətçisi Səməd Cəfərov bildirir ki, Əmlakını icarəyə verənlə kirayənişin arasında mütləq razılıq müqaviləsi bağlanılmalıdır: "Bu Mülkü Məcəlləsinin 675-679-cu maddələrilə tənzimlənir. Müqavilə müddətində icarə verənin kirayənişini evdən çıxartma, evi satmaq, bağışlamaq, və s. hüquqları yoxdur. İcarə verən o halda kirayənişini evdən çıxarda bilər ki, o icarə haqqını müqavilədə nəzərdə tutulan vaxta verməsin. Gecikdirmələr olarkən də belə bir şey ola bilər.

Qalan bütün hallarda müqavilənin müddəti bitənə qədər mənzilin istismar hüququ kirayənişinə məxsus olur. Tərəflər arasında müqavilə isə əsasən hər iki tərəfin imzalanması ilə olur. Əgər kirayənişin işini möhkəm tutmaq istəyirsə, onda bu sənədi notariat qaydada təsdiq etdirməlidir".

Səməd Cəfərov onu da bildirdi ki, hazırda mənzillərin kirayə verilməsi ilə bağlı bir qədər boşluqlar var. Ədliyyə Nazirliyi bu barədə yeni təkliflər hazırlayır və bu Milli Məclisin müzakirəsinə çıxardılmalıdır.
Bu məsələ ilə əlaqədar Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsindən bildirirlər ki, icarəyə verən şəxs mütləq vergi orqanlarından qeydiyyatdan keçməli, kirayənişinlə bağladığı razılıq müqaviləsini təqdim edərək, alacağı məbləğ haqqında məlumat verməlidir. Bundan sonra o, müvafiq qaydada hər ay aldığı məbləğin 14%-ni gəlir vergisi olaraq ödəməlidir: "Bu məsələ vergi məcəlləsinin 124-cü maddəsi ilə tənzimlənir. İcarə verən heç bir müqavilə bağlamadan və vergi orqanlarından qeydiyyatdan keçmədən pul qazanırsa, buna görə xüsusi məsuliyyət daşıyır və belə hallar aşkar olduqda müvafiq tədbirlər görülür".

Bahadur Eyuboğlu
AzNews.az