10:29
(077) 610-22-33

Millət vəkilləri ilə əhalinin maaşları arasında kəskin fərq - Araşdırma

  • >
2 834 1 Sentyabr 2012 06:45 | İqtisadiyyat

Prezidentlərin maaşı ilə bağlı məlumatların açıqlanması ayrı-ayrı dünya ölkələrində millət vəkillərinin aldıqları əmək haqqının məbləği barədə müzakirələr doğurub. AzNews.az-ın araşdırmasına görə, Azərbaycanda millət vəkilləri əcnəbi həmkarları ilə müqayisədə heç də az əmək haqqı almırlar.

Belə ki, millət vəkillərinin əmək haqqı 2400 manatdır, lakin bu məbləğin 1700 manatı (təxminən 2200 dollar) deputatın əlinə çatır. Bura deputatlıq fəaliyyəti ilə bağlı müavinətlər də daxildir. Parlamentin sədri, sədr müavinləri və komitə sədrləri istisna olmaqla, millət vəkillərinə xidməti maşın ayrılmır. Pensiya yaşına çatdıqdan sonra isə deputatlara əmək haqqının 80 faizi məbləğində təqaüd verilir.

Qeyd edək ki, Azərbaycanda adambaşına düşən milli gəlir 10003 $ təşkil edir. Məlumat üçün bildirək ki, bu il orta aylıq nominal əmək haqqı 432 manat məbləğində proqnozlaşdırılıb. Ölkəmizdə yaşayış minimumu adambaşına 108 manat, əmək qabiliyyətli əhali üçün isə 116 manatdır.

İsveçdə adambaşına düşən milli gəlir 65 000, millət vəkilinin maaşı 4200 dollardır. Bu ölkənin deputatlarına təqaüd ödənilmir.

Finlandiyada adambaşına düşən milli gəlirin 52 000, millət vəkilinin maaşının 4000 dollar olduğu bildirilir. Deputatlar təqaüdə adi məmur kimi çıxır.

Hollandiyada adambaşına düşən milli gəlir 52 000, millət vəkilinin maaşı 5660 dollardır. Deputatlara 150 dollar əlavə məbləğ ödənilir, təqaüdə isə adi məmur kimi ödənilir.

Avstraliya adambaşına düşən milli gəlir 50 500, millət vəkilinin maaşı 8100 dollar təşkil edir. Əlavə ödəmə və təqaüd yoxdur.

İngiltərədə adambaşına düşən milli gəlir 46500,
millət vəkilinin maaşı 6200 dollardır. Deputatlara Londona 9 gediş-gəliş bileti verilsə də, təqaüdə adi məmur kimi göndərilirlər.

Fransada adambaşına düşən milli gəlir 46000, millət vəkilinin maaşı 4648 dollardır. 55 yaşdan sonra təqaüdə çıxan millət vəkillərinə əlavə ödəmə verilmir.


Polşada adambaşına düşən milli gəlir 14 000,
millət vəkilinin maaşı 1893 dollardır. Əlavə ödəmə və təqaüd nəzərdə tutulmur.

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, ölkəmizdə orta aylıq əmək haqqı ilə millət vəkillərinin maaşları arasında fərq olduqca böyükdür: "Millət vəkillərinin maaşı hesablanarkən konkret meyarlardan istifadə olunmalıdır ki, bu fərq Avropanı təəccübləndirəcək qədər çox olmasın. Azərbaycanda deputatların maaşı orta aylıq əmək haqqından 4 dəfə çoxdur. Avropada isə bu fərq 2 dəfədən artıq olmur. Deputatlar sadə və orta azərbaycanlıdan hissediləcək dərəcədə artıq əmək haqqı alır". V.Bayramlı maaşlarla yanaşı millət vəkillərinin güzəştləri məsələsinə də toxunub: "Avropada deputat ancaq 4 saatdan artıq məsafədə təyyarədə "biznes klass"dan istifadə edir. "Biznes klass"la "ekonom klass" arasında fərq 3 dəfədir. Belə çıxır ki, azərbaycanlı deputatın xaricdə bir tədbirə getməsi üçün sərf edilən vəsait onun maaşından 2 dəfə artıq olur. Deputatlar VİP keçid və qarşılanmalardan istifadə edirlər". Ekspertin fikrincə, deputatların maaşı ilə ortra aylıq əmək haqqı arasındakı kəskin fərq aradan qaldırılmalıdır.

E.Əlosmanqızı
AzNews.az

Bağla X